Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah Moderator.az-a gündəmin bir sıra aktual mövzularıyla bağlı geniş müsahibə verib. Onunla söhbətin birinci hissəsini təqdim edirik:
-Ümumiyyətlə, dünyada belə bir sistem mövcuddur. Dünyada hər bir din sahibinin dini əqidə və hüquqları var. Məsələn, xristian əqidəsində olan insanlar o çərçivədə nələrə sahib ola bilərlər və buna münasibəti kilsə rəhbərliyi bildirir. Yəhudilərdə də yəhudi adət-ənənəsinə, şəritə uyğun olaraq müxtəlif qidalardan istifadə etmə məsələlərində də sinaqoq rəhbərliyi mövqeyini bildirir. Eynilə islam dininə ibadət edən cəmiyyətlər və xalqlar da öz halallıq hüququnu tələb edir və o dini rəhbərliyə müraciət edir və bu barədə səlahiyyətli şəxslərdən açıqlama istəyir. Dünyamız indi elə bir dövr və zamanı yaşayır ki, insanlar öz hüquqlarını tələb etmək iqtidarındadır. Biz də Azərbaycan xalqı olaraq əksər camaatımız müsəlman olduğu üçün bu gün süfrəsində halal qida görmək istəyir. O halal qidalar ki, onlar sırf müsəlman adətinə və şəriət qayda-qanunlarına uyğun olaraq hazırlanmalı və süfrəyə gətirilməlidir. Yaxud da süfrəyə gətirilməyən bəzi istehsal məhsulları var ki, orada da halallıq başlıca şərtdir. Məsələn, parfumeriya məhsullarına islama zidd olan bəzi haram qatqılar qatılırmı? Yeri gəlmişkən, deyim ki, “Qazelli” firmasından bununla bağlı bizə müraciət olunub, onlara da lazımi münasibətimizi bildirmişik. Gedib yerindəcə onların istehsalı ilə maraqlanıb tanış olmuşuq və öz rəyimizi bildirmişik.
-Rəy hansı formada verilir? Sertifikat da
verirsiniz?
-Xeyr, biz sertifikat vermirik. Sertifikatı
dövlət komitəsi verir. Biz sadəcə olaraq istehsal prosesinə rəy və münasibətimizi
bildiririk.
-Elə ola bilər ki, sizin mənfi rəy verdiyiniz
bir istehsala komitə müsbət münasibət göstərib sertifikat versin?
-Əgər söhbət ərzaqlardan gedirsə, bu mümkün
deyil. Amma burda başqa məqamlar da var. Ola bilər ki, şəriət baxımından hər
bir proses normal olsun, ancaq texniki baxımdan natamamlıq aşkarlansın. Ola bilər
ki, biz bir ərzağın halal olması barəsində rəyimizi bildirək, amma o ərzaq
tibbi və sanitariya standartlarına uyğun olmasın. Yaxud tibb mütəxəssisi baxıb
desin ki, bu ərzağın artıq vaxtı ötüb, yaxud istehsalı xətərlidir. Yəni tutaq
ki, bir heyvan şəriət qaydasına uyğun olaraq kəsilib. Yəni üzü qibləyə tutulub,
“bismillah” deyilib, bütün kəsim prosesi islam qaydalarına uyğun həyata
keçirilib. Biz də buna müsbət rəyimizi bildiririk. Amma tutaq ki, həmin əti
baytarlıq laboratoriyasında yoxlayıb görürlər ki, bu ət brüsulyozdur.
-Çox maraqlı məqama toxundunuz. Bu gün ölkənin
bütün kolbasa, sosiska istehsalçıları xammalı demək olar ki, xaricdən, ələlxüsus
da xristian dininə etiqad edən ölkələrdən idxal edirlər. O zaman halal-harama necə
nəzarət etmək olar ki?
-Təşəkkür edirəm, elə sual verməsəyədiniz də
bu məqama aydınlıq gətirəcəkdim. Məsələn, biz deyək ki, “Sab” firmasına
getmişik, orda baxıb dəqiqləşdiririk ki, siz burdamı istehsal edirsiniz təklif
etdiyiniz məhsulları? Görürük ki, “Sab” firması lazım olan bütün xammalı daxili
bazardan əldə edərək istehsal edirlər. Özləri də etiraf edir ki, əvvəllər
Hindistandan, başqa ölkələrdən idxal olunub. Amma sərf etmədiyindən imtina
ediblər. Yəni insanlarımız son zamanlar halalla harama daha çox diqqət
yetirdiklərindən şirkət müştərilərini itirməsin deyə hətta baha başa gəlsə belə
ancaq daxili bazardan xammal əldə edərək idxaldan birdəfəlik imtina edirlər.
Şirkət etiraf edir ki, artıq məhsulun maya dəyəri çox baha olsa da tələbat var
və insanlar onun halal olduğuna əmin olub həvəslə alırlar. Amma xaricdən idxal
olunan məhsulların hamısına da haram gözüylə baxmaq doğru deyil. Ola bilər ki,
şirkət müəyyən qədər xammalı xaricdən idxal etsin. O zaman bizim idarədən olan
mütəxəssis həmin şirkətin nümayəndəsi ilə məhsulun əldə edildiyi ölkəyə ezam
olunaraq, məhsulun necə və hansı yolla tədarük olunduğunu öz gözləri ilə görüb
rəyini verə bilər.
-Elə bir nümunə olubmu ki, sizin hansısa mütəxəssisiniz
xaricdə ezamiyyətdə olsun?
-Hələ belə bir praktikamız yoxdur. Bu hələ
bizim təklifimizdir ki, şirkətlər dəyərləndirsin.
-Xristian ölkəsindən gələn ət necə halal ola
bilər?
-Niyə ki? Fransada və bir çox Avropa ölkəsində
türklərin və ərəblərin özlərinin nəhəng istehsal müəssisləri var. Həmin ölkələrdə
yaşayan müsəlmanlar üçün məxsusi olaraq halal yolla hazırlanmış məhsullar
istehsal edirlər. Hətta həmin məhsulları xarici ölkələrə ixrac etdikdə də üzərində
ərəbcə şəriət qaydasına uyğun olaraq kəsildiyi və istehsal olunduğu yazılır.
Biz də istəyirik ki, bunu tətbiq edək və gedib yerindəcə həmin məhsulların
hazırlanmasına baxaq. Əgər mən bir müəssisənin istehsalı ilə bağlı rəy verirəmsə,
təşkil etdiyimiz komissiya üzvündən bir və ya iksi həmin müəssisənin nümayəndəsi
ilə birlikdə getsin tutaq ki, Hindistana, orda həmin ətin tədarükünə,
hazırlanmasına və qablaşdırılmasına baxsın. Həmin heyvanların müsəlman və ya
başqa dinə mənsub adamlar tərəfindən şəriət qaydalarına uyğun kəsilib- kəsilmədiyi
müəyyənləşdirilsin. Digər texniki və sanitar uyğunluqlarını həmin şirkətin öz
mütəxəssisləri müəyyənləşdirsinlər, amma bizim idarəmizin əməkdaşları həmin
texnoloji prosesin bütün mərhələlərinin şəriət kriteriyalarına uyğun olub
olmadığını görərək öz rəylərini verməyə hazırdılar. Amma indiki kimi sadəcə
üstünə “halal” yazılan məhsullara inana bilmərik. Biz görmədiyimiz məhsula rəy
vermirik. Yəni şəriət şəraitə uyğun hökm verməkdir. Gözlə görülməli və yalnız
bundan sonra rəy verilməlidir. Xalqımız da bu istəyini dilə gətirir və lazımı
ölçü götürülməsini bizdən tələb edir. Bu isə QMİ əməkdaşlarının və din xadimlərinin
hüququdur ki, halal və harama rəy versinlər.
-Dediklərinizdən belə çıxdı ki, artıq QMİ ilə
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında hər hansı
bir anlaşılmazlıq qalmayıb.
-Məni də dvət etmişdilər və QMİ tərəfindən ATV
telekanalına göndərildim. Həmin komitənin də məsul əməkdaşı verilişə gəldi və
orada çıxışımız oldu. Məhsulların halallığıyla bağlı mən də QMİ nümayəndəsi
kimi öz təkliflərimizi dedim. Elə həmin verilişdə də Standartlaşma komitəsinin
nümayəndəsi ilə yekdil mövqeyimiz belə oldu ki, biz birgə əməkdaşlıq etməliyik.
Bildirildi ki, əgər bu əməkdaşlıq baş tutsa, millətimizin xeyrinə olar. Yəni ortada
başqa maraqlarımız yoxdursa, millətin paklığı, təmizliyi, halallığı naminə niyə
bunu etməyək?
-Komitənin cavabı necə oldu bu təklifə?
-Müsbət cavab verildi. Standartlaşma komitəsinin
nümayəndəsi də dedi ki, bu məsələ komitədə də müzakirə olunur və bu addımların
atılacağı gözlənilir. Bununla bağlı komitənin mətbuatda açıqlaması da getdi ki,
onlar QMİ ilə əməkdaşlığa hazrdılar və halallıq barədə də söz demək hüququna
QMİ və bu qurumun müvafiq komissiyası sahibdir.
-Belə görünür ki, hər iki tərəf əməkdaşlıqda
maraqlıdır. Elə isə bu əməkdaşlıq sözdən əmələ keçibmi?
-Bizdə artıq komissiya formalaşdırılıb. Məndə
olan məlumata görə komitədə bu istiqamətdə iş aparılır və bildiyim qədər hər
iki qurumun rəhbərliyi səviyyəsində söhbət də olub. Yəni komitə sədri ilə Şeyx
həzrətləri arasında bu barədə danışıq olub. Ona görə də yaxın zamanlarda cəmiyyətimiz
və mətbuat da bu əməkdaşlığın siz dediyiniz əməli nəticəsini inşallah görəcəklər.
-QMİ təkcə Azərbaycanda deyil, bütün Qafqazdakı
halalla haramın sərhədlərini müəyyənləşdirir. Elə isə tutaq ki, Dağıstanda və
ya Çeçenistandakı ət və ət məhsullarının, süd və süd məhsullarının halallığına
kim nəzarət edir?
-Əslində bu təkliflər Qafqazın müxtəlif
regionlarından QMİ-yə gəlməlidir. Bizim idarənin həmin regionların hamısında
nümayəndəliklərimiz var. Mümkündür ki, şeyxin göstərişi ilə həmin nümayəndəliklərdən
də bir neçə nəfərlik komissiya təşkil olunsun və həmin regionlarda da dediyimiz
proseduru həyata keçirmək mümkün olsun.
-Ancaq hələ ki, həmin regionlardan QMİ-yə təklif
gəlməyib...
-Yox, hələ ki, belə bir müraciət gəlməyib.
-QMİ Rusiyanın Qafqazdakı federasiya subyektlərinin
rəsmi qurumlarına müraciəıt edib ki, islam qaydalarına görə halallıqla bağlı
belə bir rəy verilməsinə ehtiyac var?
-Artıq bu istəklər ifadə olunub və düşünürük
ki, yaxın zamanlarda Şimali Qafqaqzda da ət və ət məhsullarının istehsalıyla
bağlı dediyimiz müvafiq addımlar atılacaq. Özü də təkcə ət məhsullarından söhbət
getmir və yuxarıda da dediyim kimi hətta parfümeriyada da halallığın gözlənilməısi
şərtdir. Yəni bütün bu istehslalat zamanı islam qaydalarına riayət olunmalıdır.
Məsələn, elə mayalar var ki, süd məhsullarına vurulur. Yəni məhsullar çox
qalsın deyə həmin onların tərkibinə haram qatqılar vurulur. Biz bunları bilirik
və eşitmişik.
-QMİ onu necə yoxlayacaq? Sizin də
laboratoriyalar olacaq?
-Mən bu sualı da gözləyirdim. Bəziləri elə
hesab edir ki, elə ruhanilər “Quran” oxumağı bilirlərsə, məclisləri, mərasimləri
aparırlarsa kifayətdir. Əsla belə deyil.
Yeri gəlmişkən, millətimiz molla sözünü çox işlədir. “Molla” ifadəsi dolu deməkdir.
Hərtərəfli savada, təcrübəyə, praktikaya sahib olan insanlara molla deyilir. Yəni
din xadimləri hərtərfli biliyə və savada malik insanlar olmalıdır. Din xadiminin
bu sahədə mükəmməl biliyi olmalıdır ki, o bir fətva, hökm ortaya qoyanda mütləq
məlumatı olsun. Hətta hansı ərzaq tez və ya gec xarab olur,hansı həşarat hansı ərzağa
tez yönələ bilir, hansı qidaların fəsadı nə dərəcədədir-din xadimi bunları bilməyə
borcludur. Bundan başqa dəniz heyvanlarının xüsusiyyətləri və qidalanma üçün
hansıların yararlı olması, bundan əlavə nəinki heyvanların iribuynuzlu və
xırdabuynuzlu olmalarından, hətta ev quşlarından və köçəri quşlardan məlumatlı
olmalıdır. Həmin köçəri quşlar nə zaman gəlib nə zaman gedirlər, quşlarda
müşahidə olunan xəstəliklər nə formada olur, bunlardan istifadə qaydaları barədə
şəriətdə hansı göstərişlər var, bu quşların hansının əti yeməli, hansı
haramdır- deməyim odur ki, bütün bunların hamısı şəriət hökmlərində var...
Ardı var...





































































































