Uqandada yaşayan 63 yaşlı Qodfri Baquma öz xarici görünüşü ilə barışaraq açıq şəkildə "Mən dünyanın en eybəcər adamıyam!" bəyanatını verir. O, hələ 2002-ci ildə Uqandada keçirilən "Ən çirkin adam" müsabiqəsində qalib gəlib. Əksər insanları depressiyaya salacaq bu titul Qodfriyə həyatda yer tutmaq üçün yeni güc və özünəinam bəxş edib.
Bizim.Media xəbər verir ki, Qodfri tibbdə olduqca nadir və həyati təhlükəsi olan "proqressivləşən fibrodizplaziya" (FOP) və ya xalq arasında "daş adam xəstəliyi" kimi tanınan patologiyadan əziyyət çəkir.
Bu xəstəlik zamanı insanın əzələləri, vətərləri və bağları tədricən və geri dönməz şəkildə sümüyə çevrilir. Sümükləşmə prosesi bədəni hərəkətsiz qoyur, çənə və sinə ətrafına yayıldıqda isə danışmağı, yemək yeməyi və nəfəs almağı kritik dərəcədə çətinləşdirir. Milyonda bir insanda görünən bu xəstəliyin hələ ki tam müalicəsi yoxdur.
Uşaqlıqdan bəri "qorilla", "meymun" kimi təhqirlərə məruz qaldığını deyən Qodfri bütün çətinliklərə rəğmən böyük ailə qurmağı bacarıb. Onun 8 övladı var. Həyatının sevgisi olan xanımı Namande Keyt onun haqqında danışarkən, "Qodfrinin xarici görünüşü yaraşıqlı olmaya bilər, amma onun qızıl kimi qəlbi var" ifadələrini işlədib. Həkimlər aparılan MRT müayinələrindən sonra bu genetik xəstəliyin onun uşaqlarına keçməyəcəyini təsdiqləyiblər.
Xəstəliyə təslim olmayan Baquma hazırda peşəkar musiqi, komediya sahəsi ilə məşğul olur və motivasiya spikeri kimi çıxış edir. O, bütün dünyada fiziki qüsurları olan insanları özlərini qəbul etməyə və disskriminasiyaya qarşı mübarizə aparmağa səsləyir.


Bizim.Media





































































































