Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər son illər ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Görüşdə enerji sahəsinin Azərbaycan–Rumıniya əməkdaşlığının əsas istiqamətlərindən biri olduğu bildirilib, ənənəvi enerji ilə yanaşı, yaşıl enerji və alternativ enerji mənbələri üzrə tərəfdaşlığın inkişafı imkanları nəzərdən keçirilib. Nəqliyyat-kommunikasiya, təhsil, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində mövcud potensial müzakirə olunub.
C. Bayramov Azərbaycanın əlverişli investisiya mühiti barədə məlumat verərək, investorlar üçün yaradılmış imkanları diqqətə çatdırıb. Bu çərçivədə, Ələt Azad İqtisadi Zonasının regional ticarət və logistika mərkəzi kimi artan rolundan bəhs olunub və rumıniyalı şirkətlərin burada fəaliyyət imkanları qeyd edilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media






































































































