Məlum olduğu kimi, son günlər mətbuatda Neftçala rayonunun Xol Qaraqaşlı Kənd Sahə Xəstəxanasında iyunun 1-dən etibarən kütləvi ixtisarların olduğu ilə bağlı xəbərlər yayılıb.
Bəzi işçilərin sözlərinə görə, iyunun 1-dən etibarən TƏBİB tərəfindən aparılan ixtisarlar nəticəsində xəstəxananın ümumilikdə 54 işçisindən 34-ü işini itirib. Bu ixtisarlar fonunda xəstəxananın bir sıra əməkdaşları yaxın 3 ay ərzində müəssisənin bağlanacağını iddia edirlər.
Qeyd edilən xəstəxana həqiqətən də bağlanma təhlükəsi ilə üz-üzədirmi?
Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, müvafiq təhlil və araşdırma nəticəsində bu barədə qərar veriləcək:
“TƏBİB tərəfindən tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində insan resurslarının planlaşdırılması, ştat vahidlərinin mövcud tələbatla uyğunluğunun qiymətləndirilməsi və səhiyyə xidmətlərinin təşkili ilə bağlı təhlillər aparılır.
Təhlillər zamanı əhalinin tibbi xidmətlərə ehtiyacı, kadr təminatı, göstərilən xidmətlərin həcmi, çarpayı fondunun istifadəsi və tibbi heyətin faktiki iş yükü əsas meyarlar kimi nəzərə alınır. Həyata keçirilən tədbirlər mövcud resursların daha səmərəli idarə olunmasına, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına xidmət edir.
Neftçala Rayon Mərkəzi Xəstəxanası da daxil olmaqla tabeli tibb müəssisələri üzrə aparılan təhlillər hazırda davam edir. Təhlillərin nəticələri əsasında mövcud ehtiyaclar, xidmət həcmi və faktiki iş yükü nəzərə alınmaqla müvafiq qərarlar qəbul ediləcək. Bütün qərarlar əhalinin tibbi xidmətlərə çıxış imkanları, xidmətlərin fasiləsizliyi və əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla veriləcək”.
Xolqaraqaşlı Kənd Sahə Xəstəxanası Neftçalanın "Xol" ərazisində yerləşən 11 kəndin 25 mindən çox əhalisinə tibbi xidmət göstərən əsas səhiyyə müəssisələrindən biridir.
Xədicə Paşayeva, Bizim.Media



































































































