“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və ya su akvatoriyasından istifadə edilməsi nəzərdə tutulur. Bu fəaliyyətlər xüsusi texniki qurğu və avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Belə qurğulara hidrotexniki qurğular, kanallar, borular, novlar, nasoslar, artezian və subartezian quyuları, kəhrizlər, həmçinin sudaşıyan avtomobillər daxildir”.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, vətəndaşlar su obyektlərindən sərbəst istifadə edə bilərlər:
“Xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur.
Su obyektlərindən ümumi istifadə isə hər bir vətəndaşın hüququdur. İnsanlar çimərlikdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər.
Bundan əlavə, torpaq sahibləri mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə öz ehtiyaclarını təmin etmək məqsədilə torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə etmək üçün quyu qaza və istismar edə bilərlər.
Vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün icazə almasına və hər hansı ödəniş etməsinə ehtiyac yoxdur”.
Qurum tullantı sularının təmizlənərək axıdılması məsələsinə də aydınlıq gətirib:
“Sahibkarlar yalnız tərkibindəki çirkləndirici maddələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan tullantı sularını su obyektlərinə axıda bilərlər.
Əgər tullantı sularının tərkibi müəyyən edilmiş normativlərə uyğun deyilsə, həmin sular əvvəlcə xüsusi təmizləyici qurğularda təmizlənməli, sonra isə su obyektinə axıdılmalıdır.
Hər iki halda sahibkar tullantı sularının həcmi, axıdılma nöqtəsinin koordinatları, istifadə olunan təmizləyici qurğular və digər tələb olunan sənədlərlə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edərək müvafiq icazə almalıdır”.
Xəzər dənizindən, çaylardan və yeraltı su mənbələrindən istifadə zamanı hansı qaydalar tətbiq olunduğu da açıqlanıb:
“Xəzər dənizində kiçik həcmli gəmilərin saxlanılması üçün su akvatoriyasından istifadə edənlər, çaylarda qəfəs balıqçılığı ilə məşğul olanlar, həmçinin artezian və ya subartezian quyularının suyundan istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar xüsusi məqsədlər üçün istifadə icazəsi almalıdırlar.
Bunun üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilməlidir. İstifadə olunan su mənbəyindən və fəaliyyət növündən asılı olaraq hər kubmetr su üçün müxtəlif ödəniş məbləğləri müəyyən edilib.
Ödənişlərin məbləğləri ilə bağlı ətraflı məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli, 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” sənədində əks olunub”.
Qeyd edək ki, bu ilin sentyabrın 1-dən Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə başlanılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:33 / 18.06.2026
Su obyektlərindən istifadə zamanı hansı hallarda ödəniş tələb olunacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Su obyektlərindən istifadə zamanı hansı hallarda ödəniş tələb olunacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Su obyektlərindən istifadə zamanı hansı hallarda ödəniş tələb olunacaq? – RƏSMİ AÇIQLAMA
620025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































