Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Hazırda oxunan: Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

620112

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli bilinərək ittiham olunub.

İttiham aktına görə, Həmid Bəkirov özünü yüksək vəzifəli şəxslərlə əlaqəli şəxs kimi təqdim edərək, zərərçəkənə işini düzəldəcəyini vəd verib. Bunun üçün ondan 2000 manat pul alıb.

Lakin verdiyi vədə əməl etməyib. O, aldığı pulun 500 manatını qaytarsa da, yerdə qalanını verə bilməyib.

Zərərçəkənin şikayəti əsasında Həmid Bəkirov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi açılıb.

Zərərçəkən Şöhrət Abbasovun (ad və soyad şərtidir) sözlərinə görə, təqsirləndirilən şəxslə atası İsmayıllıya gedərkən yolda tanış olublar. Belə ki, səfər zamanı avtomobildəkilər yaxşı görkəmdə olan Həmidə “əmi” deyə müraciət ediblər. Yolda ikən atası onun problemini Həmidə danışıb.

Həmid də Bakıda olanda onunla “İnşaatçılar” metrostansiyası yaxınlığında görüşüblər.

Şöhrət bildirib ki, Həmid işinin düzəlməsi üçün 3 min manat istəsə də, o, 2 min manat verib.

Lakin sonradan dələduzluqdan şübhələnərək, pulunu geri istəyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə isə 20 yaşında olan nəvəsi yeriyə bilmir və bunun üçün əvvəllər xarici ölkələrə müalicəyə aparıb. Şöhrətin atası oğlunun problemini ona danışıb və o da nəvəsinin xəstəliyini bildirərək, zərərçəkənin atasından kömək istəyib. Həmid Bəkirov həmin 2000 manatı məhz nəvəsinə kömək adı ilə aldığını bildirib. O, zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyib.

İstintaq zamanı təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. O, məhkəməyə ərizə ilə müraciət edərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.

Məhkəmənin qərarı ilə, Həmid Bəkirovun barəsində amnistiya aktı qəbul olunub və o, sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin