Kranlardan gələn paslı su insanları narahat edən problemlərdən biridir. Suyun qəhvəyi və ya narıncı rəng alması adətən köhnəlmiş, paslı borular və borularda yığılan çöküntülərlə əlaqədar olur. Belə olanda insanlar bu su ilə əl-üz yumağın təhlükəli olub-olmadığını, xüsusilə suyun gözə və ya ağıza təmas etməsinin sağlamlıq üçün risk yarada biləcəyini düşünürlər.
Bəs paslı su həqiqətən nə dərəcədə təhlükəlidir və hansı hallarda ehtiyatlı olmaq lazımdır?
Toksikoloq Arzu Rzayeva Bizim.Media-ya belə açıqladı ki, ümumiyyətlə paslı sudan istifadə etməmək daha doğru olardı, çünki suyun rənginin dəyişməsi borunun köhnəlməsi səbəbindən olmaya da bilər. Ağır metalların suya keçməsi və mikroorqanizmlərlə çirklənmədən də rəng dəyişə bilər:
“Belə su bir-iki dəfə təmas etməklə ciddi fəsad yaratmaz. Sadəcə həssas dərili insanlarda qıcıqlanma, qızarma, qaşınma yara bilər. Əsas odur ki, ağız və gözə təmas etməsin. Bu cür suyu içdikdən sonra qusma, və ishal yaranırsa tibbi yardım almaq mütləqdir. İstənilən halda kranı açan kimi istifadə etmək doğru deyil. Suyu açıq qoyub, rənginin şəffaflaşmasını gözləmək lazımdır”.
Paslı su ilə mütəmadi yuyunduqda dəridə, ağız və gözdə nə baş verə bilər?
Həkim bildirdi ki, paslı suda çimmək dermatit və ekzemanı şiddətləndirə bilər. Paslı su dərini qurudur, qabıqlanmaya və qaşınmaya səbəb olur. Xüsusən də astma və ya xroniki dəri problemləri, gözdə konyunktiviti qıcıqlandıra bilər: “Ağızda yaralar, stomatitlər varsa sudakı bakteriyalar üçün əlverişli mühit yarana bilər. Dəmirin özündən birbaşa infeksiya riski yoxdur, lakin köhnə borulardakı hissəciklərdə əmələ gələ bilən bioorqanizmlər potensial təhlükə mənbəyidir".
Pas deyəndə insanların ağlına ilk gələn qorxu tetanus olduğunu nəzərə alaraq paslı suda bu təhlükə ola bilərmi?
Həkim diqqətə çatdırdı ki, tetanusun yaranma mexanizmi bir qədər fərqlidir. Belə ki, tetanus xəstəliyi pasın özündən yaranmır. Xəstəliyə səbəb olan bakteriyadır. O da əsasən torpaqda, tozda və heyvan tullantıları ilə çirklənmiş mühitdə olur. İnsan orqanizminə əsasən kəsik, deşik vasitəsilə daxil olur.
Şəfiqə Şəfa, Bizim.Media



































































































