Çətin həyati sınaqlarla - itki, xəstəlik, maliyyə problemləri və ya başqa bir böhranla qarşılaşdıqda, çoxları avtomatik olaraq "Hər şey yaxşı olacaq" deyir. Bu ifadə adətən yaxşı niyyətlə deyilir, lakin dəstək vermək əvəzinə, əks reaksiyaya - qıcıqlanma və ya daha böyük emosional partlayışa səbəb olur.
Psixoloqlar belə pozitiv cümlənin niyə toksik olduğunu araşdırıblar. Belə qənaətə gəliblər ki, bu cümlə əslində süni nikbinlik aşıladığı üçün qıcıq yaradır. Təsəvvür edin, qəza olub, yanğın baş verib, adam hər şeyini itirib ona deyirlər “hər şey yaxşı olacaq, fikir eləmə”. Yəni dərd içində olan insanın real emosiyalarını quruca süni nikbinliklə əvəz etmək heç də xoş nəticələnmir. İnsan belə deyənlərdən uzaqlaşıb tək qalır.
Belə bir açıqlama da var ki, kimsə ağrı çəkəndə, onun emosiyalarının, canının, ürəyinin necə yanmasının qəbul edilməsi vacibdir. "Hər şey yaxşı olacaq" ifadəsi isə kədərlənməyin, ağlamağın və ya narahat olmağın mənasız olduğuna dair bir eyham kimi qəbul edilə bilər. İnsan dəstək əvəzinə, sanki görməzdən gəlindiyini hiss edir. Bu, anlaşılmazlıq hisslərini artıra bilər.
Üstəlik hamı bilir ki, bəla tezliklə çəkilmir, ağır xəstəlik uzun müalicə tələb edir, ölən geri qayıtmır, yeri çətin dolur. Bunu bilə-bilə adama belə bir süni təsəlli vermək həqiqətən də yersizdir. Buna görə də, hər şeyin mütləq yaxşılaşacağına dair vəd inandırıcı görünmür, reallıqla əlaqəsiz bir rəsmiyyətdir.
Lakin, əsl dəstək, problem həll edilə bilməsə belə, insanın dərdini dinləmək və onu belə məqamda tək qoymamaq, qucaqlayıb bəlkə də birlikdə ağlaşmaqdır. Bəzən sözlərə heç ehtiyac olmur. Dəstək həmişə söhbət vasitəsilə ifadə olunmur. Bəzən konkret hərəkətlər daha vacibdir: gündəlik işlərdə kömək etmək, yemək bişirmək, lazımi əşyaları gətirmək və ya sadəcə yanında sakitcə oturmaq bəs edir.
Şəfiqə Şəfa, Bizim.Media




































































































