Moped və motosiklet idarə edən azyaşlılar - Qəza zamanı cavabdeh kimdir?

Hazırda oxunan: Moped və motosiklet idarə edən azyaşlılar - Qəza zamanı cavabdeh kimdir?

620010

Şəhər küçələrində, xüsusilə yay aylarında motosiklet və moped idarə edən azyaşlılara  tez-tez rast gəlinir. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzən 14-17 yaşlı yeniyetmələrin motosikleti yüksək sürətlə idarə edərək təhlükəli "drift" yaratdığı görünür.

Bu hallar təkcə yol hərəkəti qaydalarının pozulması deyil, həm də ciddi təhlükəsizlik riski yaradır. Çünki təcrübəsiz sürücülərin iştirakı ilə baş verən qəzalar həm onların, həm də digər insanların həyatı üçün təhlükə yarada bilər. Məsələnin hüquqi tərəfi isə çoxları üçün aydın deyil.

Azyaşlı sürücü qəza törətdikdə məsuliyyət kimin üzərinə düşür? Valideyn, nəqliyyat vasitəsinin sahibi, yoxsa sürücünün özü cavabdeh sayılır?

Hüquqşünas Ruslan Mustafayev Bizim.Media-ya açıqlamasında bildirir ki, ölkə ərazisində motosiklet və mopedin idarə edilməsi üçün A kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur və qanunvericiliyə uyğun olaraq isə vətəndaş yalnız 18 yaşı tamamlandıqdan sonra bu vəsiqəni əldə edə bilər:

“Azərbaycan Respublikasının qanunvericiliyinə rəğmən 18 yaşı tamam olmayan şəxslər tərəfindən motosiklet və mopedlərin idarə olunmasının şahidi oluruq və bəzi hallarda bu, ağır nəticələrə gətirib çıxara bilir.
 

Əlbəttə ki, həm azyaşlı həm də sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən idarə edilən nəqliyyat vasitələri ilə hadisələrin baş verməsi ehtimalı daha çoxdur. Hər hansı qəza törədilərsə, maddi məsuliyyəti onun valideynləri daşıyır.


Son dövrlərdə tıxaclarla bağlı, digər obyektiv və subyektiv səbəblərdən motosiklet və moped idarə edən şəxslərin sayı artıb. Belə olan təqdirdə qaydalara riayət edilməsi vacibdir.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə vermək özü də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində cərimə edilən hərəkətlər sırasındadır. Bu səbəbdən vətəndaşları bu məsələdə çox diqqətli olmağa çağırırıq”.

Bəs kaska taxan sürücülərin yaşı yol polisi tərəfindən necə müəyyənləşdirilir?

Hüquqşünasın sözlərinə görə, motosiklet və mopedi idarə edənlər mütləq şəkildə kaskadan istifadə etməlidirlər və təbii olaraq kaskada olan şəxsin şəxsiyyətini müəyyənləşdirmək olduqca çətindir. Onun fikrincə, gələcəkdə hər hansı texniki vasitələrdən istifadə olunaraq bunu müəyyən etmək olar. Ancaq hazırda bu formada hər hansı texniki vasitə yoxdur.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin