900 illik xatırlatma

Hazırda oxunan: 900 illik xatırlatma

59508

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışı böyük marağa səbəb olub. Hörmətli akademik məlum çıxışında ölkə gəncliyinin ünvanına ciddi ittihamlar səsləndirib. R.Mehdiyev ölkə gəncliyini zəhmətdən uzaq olmaqda, rahat və dəbdəbəli həyata meyl etməkdə ittiham edib.  Administrasiya rəhbəri qeyd edib ki, gənclik gözəl evə, bərbəzəkli avtomobilə, çoxlu pula sahib olmaq üçün qanuni və əxlaqi barierləri belə aşmağa hazırdır.

Şübhəsiz, hörmətli akademikin bu sözlərlə günümüzün reallığını dilə gətirdiyi birmənalıdır. Amma bu reallığı doğuran bir sıra səbəblər var ki, R.Mehdiyevin ortaya qoyduğu nəticənin bu səbəblərin məntiqi sonluğu olduğunu unutmamaq lazımdır.

Öncə onu qeyd edək ki, hər hansı bir insanın, xüsusilə də bir gəncin gözəl ev, bərbəzəkli maşın və çoxlu pul arzusunda olmasında qəbahət sayılacaq heç nə yoxdur. Təbii ki, hər bir insanın maddi baxımdan daha dolğun, daha təminatlı həyata can atması onun haqqıdır və bunu kimsəyə qadağan etmək olmaz. Lakin əgər gənclik buna görə qanun və ya əxlaqın prinsiplərini tapdalamağa hazırdırsa, bunun məsuliyyəti ilk növbədə mövcud idarəetmə sisteminin üzərinə düşür. Çünki R.Mehdiyevin şikayətləndiyi bugünkü gənclik məhz bu idarəetmə sisteminin ölçüb-biçdiyi dəyərlər çərçivəsində formalaşıb. Başqa sözlə desək, sistem arzusunda olduğu, yetişdirmək istədiyi gəncliyi yetişdirib və əgər indi bu “əsər” onun müəllifini qane etmirsə, bunun yeganə müqəssiri müəllifin özüdür.

Gənclik hakimiyyətin canavara çevirdiyi, bütün insani dəyərlərin maddiyyata qurban verildiyi elə bir cəmiyyətdə formalaşıb ki, onu daha yaxşı yaşam üçün cinayətə, əxlaqsızlığa hazır olmasına görə ittiham etmək ədalətsizlikdir. Çünki bu gəncliyi tərbiyə edən sistem ona düz, ləyaqətli yaşamağı deyil, nəyin bahasına olursa-olsun yaxşı yaşamağı təlqin edib. Gənclik hələ formalaşma mərhələsində anlayıb ki, bu ölkədə sadəcə zəhmət və ləyaqətlə nəyəsə nail olmaq mümkün deyil. Nə əqli, nə də əxlaqi göstəricisinə görə, kimsəyə nümunə ola bilməyəcək məmur övladlarının vəzifə pillələrində sürətlə irəliləməsi, lüks həyata malik olması da gəncliyin tərbiyəsində az rol oynamadı. Gənclik çox tez bir zamanda anladı ki, bu ölkədə övladların yaşam tərzini, firvanlığını vəzifəli atalar, işbaz əmilər, yüksək çinli dayılar həll edir. Bir sözlə, R.Mehdiyevin şikayətləndiyi gənclik bu idarəetmə sisteminin əsəri olaraq meydana gəldi.

R.Mehdiyevin ölkə gəncliyi ilə bağlı açıqlaması Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindəki bir epizodu yada salır. Belə ki, əsərdə dünya fatehi İsgəndərin səfər əsnasında Bərdə hökmdarı Nüşabənin məkanına səfər etdiyi və bu səfər əsnasında Nüşabənin qızıl-zinət əşyaları ilə dolu  boşqabları fatehin qabğına qoyaraq ona maddiyyatın yeyilib-içilməyən mümkünsüz olan mənasız bir şey olduğunu anlatmağa çalışdığı bildirilir. Lakin əsərdə İsgəndərin Nüşabəyə verdiyi cavab öz dərinliyi ilə daha çox diqqət çəkir. Belə ki, maddiyyatın lüzumsuz olduğunu diqqətə çatdırmağa çalışan Nüşabənin özünün də bütün bunlara rəğmən qızıl-zinətdən imtina edə biılmədiyinə diqqət çəkən İsgəndər ortadakı daş-qaşa işarət edərək deyir:

“O zaman dəyərli olardı sözün,

Öncə bu qaş-daşdan qaçaydın özün”.

Bəli, eyniylə N.Gəncəvinin bildirdiyi kimi, bu gün gəncliyin maddiyyat əsiri olduğunu iddia edən şəxslər bu ittihamlarında o zaman haqlı olardılar ki, onların özü, övladları, yaxın qohum-əqrabaları dəbdəbəli həyatdan imtina edər, daha sadə və təvazökar həyatları ilə diqqət çəkərdi. Lakin bu gün bir nəfər də olsun məmur övladı sadə, zəhmətkeş yaşamı ilə gündəmə gəlməyib. Əksinə, sadə həyatının gözəlliyindən bəhs edən insanların özünün də dəbdəbəli həyata meyl etməsi həqiqəti göstərir ki, maddiyyat deyilən şeydən imtina etmək kifayət qədər çətin və nadir rast gəlinən fədakarlqıdır.

Bəli, N.Gəncəvi zamanından günümüzə gəlib çatan 900 illik xatırlatma da təsdiq edir ki, bu gün gəncliyin sadə, ləyaqətli yaşamla bağlı sözə yox, nümunəyə ehtiyacı var. Və nə qədər ki, belə bir nümunə yoxdur, çətin ki, gəncliyi yoxsul, sadə həyatın gözəlliyinə inandırmaq mümkün olsun.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin