“Azərbaycan dövləti istənilən vaxt öz torpaqlarını 24 saat ərzində azad edə bilər. Amma müharibənin Ermənistan üçün hansı fəsadlar yaradacağını erməni xalqı indidən dərk etməlidir”.
Moderator.az-ın məlumatına görə, bu sözləri deputat Adil Əliyev öz facebook statusunda yazıb.
A.Əliyev daha sonra qeyd edib ki, Ali Baş Komandan, prezident İlham Əliyevin bütün çıxışlarında işğal altında olan torpaqlarımızın müharibə yoluyla azad oluna bilinəcəyini bəyan etməsi hər zaman Ermənistan üçün siqnal olmalı və bu, onları narahat etməlidir: “Təəssüflər olsun ki, işğalçı Ermənistan sülh şəraitindən sui-istifadə edir və özünə vaxt qazanır. Bu, sona qədər davam edə bilməz. Bu məsələdə beynəlxalq qurumların fəaliyyətsizliyi də işğalçı ölkəni ruhlandırır. Bu gün Azərbaycanın güclü ordusu var və ordu hücum əmrini gözləyir. Ermənistan rəhbərliyi unutmasın ki, Azərbaycan öz torpaqlarını 24 saat ərzində azad edər. Ordu bu əmri hər an icra edə bilər. Azərbaycan hərbi gücünü öz imkanları daxilində gücləndirdikcə, buna cavab olaraq da bəzi qüvvələr Ermənistanı silahlandırır və ona hər cür dəstək verirlər. Bölgədə balansı ”tarazlaşdırmağa" çalışırlar. Amma bu mümkün deyil. Ermənistanın iqtisadi imkanları getdikcə tükənir, insanlar rahat yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Ölkə miqrasiya axını ilə üz-üzədir. Təsadüfi deyil ki, hələ bir neçə il bundan öncə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Qarabağ müharibəsi başlayan zaman ölkədə 4 mln əhalinin yaşadığını, indi isə 2,4 mln insanın qaldığını Rusiya mətbuatına verdiyi müsahibəsində qeyd etmiş, ölkənin gerçək mənzərəsini açıq-aydın göstərmişdi. Bu gün Ermənistanda elə hərbi hissələr var ki, formalaşa bilmir. Çünki insan resursı çatmır. Hesab edirəm ki, Ermənistanın əsas funksiyası türk dünyasına qarşı plasdarm kimi istifadə olunmasıdır. Ermənistan forpost bir ölkədir və lazım olan qüvvələr tərəfindən də Türk Dünyasına qarşı istifadə olunur", - deyə A.Əliyev bildirib.
Deputat ardınca vətənin hər guşəsini sevdiyini, vətən üçün şəhid olmağa hazır olduğunu bildirib: “Hər dəfə Allaha dua edirəm ki, məni vətən və torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki, boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə deyirəm... Əminəm ki, ölkəmizin gələcəyi üçün bu addımları ata biləcək insanlar çoxdur. Günü-gündən də çoxalır. Bu gün prezidentimizin arxasınca gedənlərin böyük əksəriyyəti sağlam gənclərdən ibarətdir və həmin gənclər Ali Baş Komandanın əmrini gözləyir. Tanrı bizə belə şərəfli ölüm qismət eləsin. AMİN!”
Qeyd edək ki, bir müddət öncə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov da Azərbaycan ordusunun Qarabağı qısa müddətdə azad etməyə qadir olduğunu demişdi.
Qarabağ müharibəsi veteranı, hərbi ekspert Üzeyir Cəfərovdan Qarabağı 24 saata azad etməyin mümkün olub-olmadığını soruşduqda bildirdi ki, deputatın açıqlamasını normal qəbul edir: “Mən Adil bəyi başa düşürəm, bu, vətənpərvərlik duyğusundan irəli gələn bir açıqlamadır. Amma onun dediyi 24 saatlıq vaxt hərbi nöqteyi-nəzərdən real olmayan müddətdir. Bir günə Qarabağ kimi 20 faizlik Azərbaycan ərazisini işğaldan azad edəcəyimizə inanmıram. Amma hər halda biz bunu etməli, torpaqların azadlığına nail olmalıyıq. Çünki bizim torpaqlar işğal altındadır və bu məsələni Azərbaycan əsgəri həll etməlidir. 24 saat da olmasa, hesab edirəm ki, bir neçə günə, ola bilsin ki, bir həftəyə Qarabağı azad etmək mümkündür. Çünki vaxt baxımından həm insanların hərəkət etməsi, həm də ərazinin miqyası qısa müddətdə döyüş əməliyyatlarını başlamağa və uğur qazanmağa çətinlik yaradır. Bu, sadəcə Adil Əliyevin arzusudur ki, biz qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bilərik. Bunu hər birimiz arzu edirik”.
Ü.Cəfərov A.Əliyevin şəhid olmaq arzusunu ifadə etməsinə də reaksiya verdi: “Statusunu gördüm ki, o, Qarabağ uğrunda şəhid olmaq arzusunu dilə gətirib. Təbii ki, biz bir nəfər də itki verməyimizi istəməzdik. Amma bu, müharibədir, itkilərin olması mümkündür və deputatın belə bir mövqe sərgiləməsi də təqdirolunandır”.
Hərbi ekspert Qarabağdakı qondarma rejimin əlavə silah-sursat, texnika ilə təchiz olunmasını, Ermənistanın Rusiya hesabına təchiz olunmasını şərh edərkən dedi ki, düşmən nə qədər müasir silah-sursat alsalar da, Azərbaycanla müqayisə olunmaz dərəcədə zəifdirlər: “Azərbaycanın imkanları tamamilə üstündür. Aldığımız silah-sursat da qat-qat güclü silah-sursatlardır”.
Ü.Cəfərov Qarabağın azad olunması üçün potensialın böyük olduğu qənaətindədir: “Təsəvvür edin ki, ermənilər 1994-cü ildə Beyləqanı işğal etmək istəyirdilər. Amma qəfildən vəziyyət dəyişdi, onlar böyük uğursuzluğa düçar oldular və Azərbaycan qısa müddətdə 22 yaşayış məntəqəsini düşməndən azad etdi”.





































































































