Əliməmməd Nuriyev: “Məişət korrupsiyasına ciddi zərbə vurulub”

Hazırda oxunan: Əliməmməd Nuriyev: “Məişət korrupsiyasına ciddi zərbə vurulub”

34618


Ötən gün prezident İlham Əliyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində yenə də bu bəladan danışıb və onun nəinki məhdudlaşdırılması, birdəfəlik ləğv edilməsi imkanlarından bəhs edib. Bu günlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin Parisdəki konfransından qayıdan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Moderator.az-a açıqlamasında prezidentin çıxışına və ümumiyyətlə son vaxtlar Azərbaycanda korrupsiyaya qaşı aparılan mübarizənin nəticələrindən danışıb. Ə. Nuriyevdən soruşduq ki, doğrudanmı Azərbaycanda korrupsiyaya qarşı mübarizə üsullarından digər ölkələr nümunə kimi qəbul etməyə başlayıblar? Onun açıqlamasını olduğu kimi təqdim edirik:

 “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli olaraq hələ bununla bağlı 2005-ci ildə birinci proqramın qəbul edilməsindən sonra başlayıb. Daha sonra isə 2007-2011-ci illəri əhatə edən daha bir Faliyyət Proqramı qəbul edildi.Bu illər ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin institusional və qanunvericilik bazası tam surətdə formalaşdırıldı. Eyni zamanda korrupsiyaya qarşı mübarizəylə bağlı bir sıra mühüm nəticələr ortaya qoyuldu. Bu nəticələrdən biri də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin(ASAN Xidmət) yaradılması oldu. Məsələ burasındadır ki, bir neçə gün öncə Parisdə keçirilən həmin tədbirdə də məhz Azərbaycanda bu istiqamətdə aparılan islahatlarla bağlı fikirlər səsləndirildi və ASAN Xidmətin bir model olduğu qeyd olundu.Doğrudan da bu xidmət yaradıldıqdan sonra məişət korrupsiyasına əhəmiyyətli zərbə vurulub. Adətən kiçik və orta məmur korpusu üçün buna administrativ korrupsiya da deyirlər. Çünki onlar vətəndaşlara müəyyən icazələr verirlər, hüquqi və fiziki şəxslərə hüquqi xidmətlər göstərirlər. Nəzərə alsaq ki, ASAN Xidmətlərdə 25 əsas, 22 yardımçı xidmət göstərilir, görün bu xidmətlərin miqyası nə qədər böyükdür və korrupsiyanın maksimum məhdudlaşdırılmasına xidmət edir.Həmin tədbirdə də Azərbaycanın bu istiqamətdəki addımları xüsusi qeyd olundu. Əlbəttə, bu gün iddia etsək ki, korrupsiyaya qarşı mübarizədə yolun sonuna gəlinib, düzgün olmazdı. Biz sadəcə bu mübarizənin nəticə verməkdə  və genişlənməkdə olduğundan danışa bilərik. Cənab prezident də dünən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin açılışında qeyd elədi ki, o dəfələrlə vətəndaşlara müraciət edərək üzləşdikləri korrupsiya faktlarıyla bağlı aidiyyatı orqanlara müraciət etməkdən çəkinməmələrini söyləyib. Bu, ortada güclü iradənin olmasından xəbər verir və yeri gəlmişkən qeyd edim ki, Parisdəki həmin tədbirdə də prezidentin korrupsiyaya qarşı mübarizədə güclü iradə ortaya qoyduğu təqdir edildi.Korrupsiyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətdə də çox güclü dəyişikliklərin baş verdiyini söyləmək lazımdır. Artıq cəmiyyətdə buna inam artıb ki, doğrudan da korrupsiyaya qarşı mübarizə intensivləşib. Cinayət işlərinin dinamikasına da baxsaq bu dəyişikliyi asanlıqla görə bilərik. 2005-ci ildə cəmisi 35 şəxs barəsində 12 cinayət işi qaldırılmışdısa, 2012-ci ildə 298 şəxs barəsində 170 cinayət işi başlanılıb. Burda 10 dəfədən artıq bir dinamika var. Ancaq qeyd etdiyim kimi, bu bəlaya qarşı görülməli xeyli işlər var və cənab prezident də bunu bir xəstəlik adlandırdı və hər bir cəmiyyəti daxildən sarsıdan bu yaradan xilas olmağımız üçün görüləcək tədbirlərdən danışdı.” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin