Misirin Sakkara nekropolunda aparılan arxeoloji qazıntılar zamanı 100-dən çox mumiya, çoxsaylı sarkofaqlar və uzun müddət kimə məxsus olduğu bilinməyən kraliça Neytin piramidası aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Daily Galaxy” nəşri yazıb.
Arxeoloqlar 2010-cu ildə firon Teti piramidasının yaxınlığında kiçik bir piramida aşkarlayıblar. Lakin onun kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmayıb. On il sonra piramidanın yaxınlığındakı dəfn məbədinin təmizlənməsi zamanı divarlarda və obeliskdə kraliça Neytin adı tapılıb. Onun firon Teti ilə evli olduğu müəyyənləşdirilib.
Qazıntılar zamanı ərazidə 22 dəfn quyusu da aşkarlanıb. Buradakı qəbirlərin əksəriyyəti eramızdan əvvəl 1550–1186-cı illəri əhatə edən Yeni Padşahlıq dövrünə aiddir.
2021-ci ildə 50-dən çox taxta sarkofaq aşkar edildiyi açıqlanıb. 2022-ci ilin sonuna qədər isə onların sayının 300-ə yaxınlaşdığı bildirilib. Sarkofaqların bir çoxu insan üzlərinin təsvirləri və “Ölülər kitabı”ndan səhnələrlə bəzədilib.
Arxeoloqların fikrincə, firon Teti ölümündən min ildən çox vaxt keçməsinə baxmayaraq, misirlilər tərəfindən ilahi varlıq kimi qəbul edilib və insanlar onun piramidasının yaxınlığında dəfn olunmağa üstünlük veriblər.
Bizim.Media




































































































