Türkiyədə serial böhranı dərinləşir. Bir bölümün çəkilişi 40 milyon liraya çatıb.
Bizim.Media türk mətbuatına istinadla xəbər verir ki, televiziya seriallarının istehsal xərclərinin kəskin artması, reklam gəlirlərinin isə azalması sektorda ciddi maliyyə böhranına səbəb olub.
Bəzi serialların bir bölümünün çəkiliş xərci 40 milyon lirəyə (Türkiyə valyutası) çatıb. Artan xərclər fonunda televiziya kanalları istehsal şirkətlərindən büdcələrdə 25 faizə qədər endirim etməyi tələb edib.
Məlumata əsasən, 2024-2025-ci televiziya mövsümündə bir bölümün orta istehsal büdcəsi 14 milyon lirə olduğu halda, 2025-2026-cı mövsümdə bu rəqəm 22,5 milyon lirəyə yüksəlib. Beləliklə, xərclərdə bir il ərzində 61 faiz artım qeydə alınıb. Bəzi yüksək büdcəli layihələrdə isə bir bölümün istehsal xərci 30-35 milyon lirəyə çatıb.
Sektordakı geriləmə serialların sayına da təsir göstərib. 2022-2023-cü mövsümdə Türkiyədə yayımlanan serialların sayı 57 olduğu halda, 2025-2026-cı mövsümdə 36-ya düşüb. Üç mövsüm ərzində azalma 37 faiz təşkil edib.
Ötən mövsüm yayımlanan 36 serialdan 23-ü ekranlarla vidalaşıb. Yeni başlayan 24 layihədən isə yalnız 7-si növbəti mövsüm üçün davam qərarı alıb. Səkkiz serial isə 13 bölümə çatmadan final edib.
Maliyyə çətinlikləri səbəbindən erkən final edən serialların istehsalçı və telekanallara vurduğu zərərin 100-150 milyon lirəyə çata bildiyi bildirilir.
Böhran fonunda istehsal şirkətləri xərcləri azaltmaq üçün aktyor qonorarlarının aşağı salınmasını, çəkiliş qruplarının sayının azaldılmasını və serial bölümlərinin müddətinin 140 dəqiqədən 110 dəqiqəyə endirilməsini müzakirə edirlər.
Bizim.Media
































































































