Alimlər 115 milyon il əvvəl yaşamış dinozavrın fosilləşmiş sümüklərində qədim qan hüceyrələrinin və qan molekullarının kimyəvi izlərini aşkar ediblər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın Kertin Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Braziliyanın şimal-şərqində tapılmış ətyeyən teropod dinozavrın qalıqlarını araşdırarkən mühüm kəşfə imza atıb.
Aratasaurus museunacionali adlı dinozavrın sümüklərində minerallaşmış qırmızı qan hüceyrələri və hemoqlobinin tərkib hissəsi olan heme molekullarının izləri müəyyən edilib.
Hemoqlobin qırmızı qan hüceyrələrində oksigenin daşınmasını təmin edən zülaldır.
Tədqiqatın ən mühüm tərəfi odur ki, alimlər ilk dəfə fosilləşmiş dinozavrın qırmızı qan hüceyrələrində hemoqlobindən qaynaqlanan molekulların mövcudluğunu kimyəvi analizlə təsdiqləyiblər. Əvvəlki araşdırmalarda qədim fosillərdə qan hüceyrələrinə bənzəyən strukturlar aşkar edilsə də, onların tərkibindəki bu molekulların mövcudluğu qəti şəkildə sübuta yetirilməmişdi.
Qan izləri 115 milyon il ərzində necə qorunub?
Araşdırmaya görə, bu qeyri-adi qorunma prosesində hausmannit adlı mineral mühüm rol oynayıb. Mineral fosilləşmiş qan hüceyrələrini sabitləşdirərək onların molekulyar tərkibinin milyonlarla il ərzində qorunmasına kömək edib.
Alimlər hesab edirlər ki, dinozavrın öldükdən sonra basdırıldığı mühit də bu prosesdə əhəmiyyətli olub. Ehtimal edilir ki, heyvan az oksigenli və mikroorqanizmlərin çox olduğu mühitdə çöküntülərin altında sürətlə basdırılıb. Bu şərait normalda parçalanaraq yoxa çıxmalı olan bioloji materialların qorunmasına şərait yaratmış ola bilər.
Tədqiqatın rəhbəri, Kertin Universitetinin professoru Kliti Qrays bildirib ki, 115 milyon illik qırmızı qan hüceyrələrində heme mənşəli molekulların aşkarlanması olduqca təəccüblü və mühüm elmi nailiyyətdir.
Onun sözlərinə görə, bu kəşf nəsli kəsilmiş heyvanların fiziologiyasını, qan dövranını və yaşadıqları mühiti daha dərindən öyrənmək üçün yeni imkanlar yaradır.
Kəşf Yer kürəsindən kənarda həyat axtarışına da kömək edə bilər
Alimlər hesab edirlər ki, tədqiqatın əhəmiyyəti yalnız dinozavrlarla məhdudlaşmır. Bioloji strukturların milyonlarla il ərzində necə qoruna bildiyini anlamaq digər planetlərdə və ekstremal mühitlərdə qədim həyatın izlərini axtaran tədqiqatçılar üçün də faydalı ola bilər.
Belə ki, əgər bioloji molekullar uyğun şəraitdə 100 milyon ildən artıq müddət ərzində qoruna bilirsə, bu, alimlərin qədim həyatın izlərini harada və necə axtarmalı olduqlarına dair yanaşmalarını dəyişə bilər.
Tədqiqatın nəticələri ABŞ Milli Elmlər Akademiyasının elmi jurnalı olan “Proceedings of the National Academy of Sciences”da dərc olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:21 / 07.11.2026
115 milyon il əvvəl yaşamış dinozavrın sümüklərində qan izləri aşkarlandı
Hazırda oxunan: 115 milyon il əvvəl yaşamış dinozavrın sümüklərində qan izləri aşkarlandı
Hazırda oxunan: 115 milyon il əvvəl yaşamış dinozavrın sümüklərində qan izləri aşkarlandı
646563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































