Qarabağın azad olunması xəbərini ailəm ilə birlikdə televizor qarşısında eştdiyim həmin an həyatımın ən sevincli günlərindən biri idi.
Bizim.Media xəbər verir ki, bunu trend.az-a açıqlamasında Xocalı şəhər sakini Ceyran Əzizova deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə də əlindən gələni edib, Bərdə və Ağdamda qadınlarla birlikdə əsgərlərimizə və ehtiyacı olan bölgələrə yardımlar göndəriblər:
“Mən özüm də şəhid ailəsiyəm. Mənim həyat yoldaşım 1992-ci ildə şəhid olub. Milli Ordunun üzvü idi. Bu zəfərə qovuşmaq münasibətilə bütün xalqımı, Prezident İlham Əliyevi, ordumuzu, qazilərimizi səmimi-qəlbdən təbrik edirəm. Şəhid analarının, atalarının əllərindən, gözlərindən öpürəm.
Mən 2024-cü il fevralın 17-də ilk dəfə öz evimə gəldim. Evin ermənilər tərəfindən istifadə edildiyini, eyvanına "Evelina" yazıldığını görəndə sanki donub qaldım, içəri girə bilmədim. Həmin vaxt bu mənə çox pis təsir etdi. Mayın 25-də isə Xocalıya qayıtdıq. Dövlətimiz evimi gözəl təmir edərək mənə qaytarmışdı. Həm torpağıma qayıtmışdım, həm öz evimə qovuşmuşdum. Sevincimin həddi-hüdudu yox idi”.
C.Əzizova qeyd edib ki, doğma şəhərinə qayıtdıqdan sonra burada yaradılan şəraitdən məmnundur.
“Bu gün Xocalı əvvəlki görünüşündən də gözəl vəziyyətə çatıb. Aptekimiz, xəstəxanamız, mağazalarımız, məktəbimiz, uşaq bağçamız var. Daimi suyumuz, işığımız, qazımız var. Demək olar ki, yavaş-yavaş hər şeylə təmin olunuruq. Bunun üçün dövlətimə, Prezident İlahm Əliyevə və bizim üçün əziyyət çəkən bütün qurumlara təşəkkür edirəm.
Xocalıya dönəndən bir gün də olsun Bakı üçün darıxmamışam. Artıq üç ilə yaxındır buradayam, cəmi iki dəfə Bakıya getmişəm. Xocalım mənə o qədər əzizdir ki, heç bir yer onun nə dadını verir, nə suyunu əvəz edə bilir, nə də havasını. Mən Xocalıya dönmüşəm. Allah bizi bir daha ayırmasın, heç kimi vətənsiz etməsin”
O, Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, şəhid ailələrinə ehtiramını bildirib, qazilərə və veteranlara cansağlığı arzulayıb.
Bizim.Media




































































































