2025-ci ildə ölkədə adambaşına orta hesabla 141 kiloqram taxıl məhsulları istehlak edilib. Bu göstəriciyə çörək və makaron məmulatları un ekvivalentində, həmçinin un, yarma və paxlalı məhsullar daxildir. Müqayisə üçün, 2024-cü ildə adambaşına istehlak 146 kiloqram, 2020-ci ildə isə 193 kiloqram təşkil etmişdi. Beləliklə, son beş ildə adambaşına illik istehlak 52 kiloqram azalıb.
Çörək istehlakının azalma səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, çörək Azərbaycan xalqı üçün yalnız qida məhsulu deyil, həm də milli mədəniyyətimizin, süfrə ənənələrimizin bir parçasıdır:
“Lakin müasir dövrdə sağlam qidalanma anlayışı dəyişir. İnsanlar artıq yalnız doymaq haqqında deyil, həm də düzgün qidalanmaq, xəstəliklərdən qorunmaq və sağlam yaşlanmaq haqqında düşünürlər. Unutmayaq ki, sağlamlıq hər hansı bir qida məhsulundan imtina etməklə deyil, düzgün qidalanma mədəniyyəti formalaşdırmaqla qorunur.
Taxıl məhsulları dedikdə söhbət yalnız çörəkdən getmir. Bura makaron məmulatları, yarma və paxlalılar da daxildir. Ona görə də bu rəqəmləri birbaşa çörək istehlakının azalması kimi təqdim etmək düzgün olmaz. Çörək istehlakının azalmasına isə təsir göstərən bəlli səbəblər var.
Zaman keçdikcə cəmiyyətdə qidalanma mədəniyyəti dəyişir. Çörək istehlak olunan ölkələr arasında əvvəllər Azərbaycanın ön sıralarda dayanmasının səbəbi bizim ailələrinin gündəlik qida rasionunda çörəyə əsas yer verməsi idi. Səhər yeməyindən axşam süfrəsinə qədər demək olar ki, hər yeməyin yanında çörək yeyilirdi. Əhalininn əsas hissəsi artıq şəhərdə yaşamağa meylləndiyindən, şəhər əhalisi arasında qidalanma vərdişləri dəyişib. İnsanlar daha çox müxtəlif qidalara, zülal mənbələrinə, tərəvəzlərə və alternativ məhsullara üstünlük verməyə başlayıblar”.
Müsahibimiz bunun digər səbəbi kimi endokrin, ürək qan damar sistemi xəstəliklərin, artıq çəki problemlərinin çoxalmasını görür:
“Bu xəstəliklərin müalicə və profilaktikasında həkimlər tərəfindən çörək məhsullarının istifadəsinin azaldılması tövsiyyə edilir. İnsanlar özləri də müxtəlif informasiya resurslarından karbohidratların, xüsusilə də rafinə edilmiş un məhsullarının həddindən artıq istehlakının çəki artımına təsiri haqqında daha çox məlumat əldə edirlər.
Bu səbəbdən bəzi insanlar çörəyin miqdarını azaldır, hətta müəyyən hallarda onu tamamilə rasiondan çıxarmağa çalışırlar.
Amma burada bir yanlış təsəvvürü aradan qaldırmaq lazımdır.
Çörək özlüyündə zərərli məhsul deyil. Əsas məsələ onun növü, miqdarı və ümumi qidalanma balansıdır. Balata ilə hazırlanmış, tərkibində qlüteinin miqdarı optimal olan çörək məhsullarının istifadəsi daha uyğundur.
Gənclər arasında zülallı qidalar, salatlar, meyvə-tərəvəz və müxtəlif pəhriz modellərinə maraq artır. Sosial şəbəkələrdə yayılan müxtəlif pəhriz tövsiyələri də insanların çörək istehlakına münasibətinə təsir göstərir.
İnsanlar ağ undan hazırlanmış çörəyin və digər rafinə edilmiş karbohidratların miqdarını azaldaraq tam taxıllı məhsullara, tərəvəzlərə və zülallı qidalara üstünlük verirlərsə, bu, sağlamlıq baxımından müsbət dəyişiklik ola bilər. Tam taxıllı məhsullar, qida lifləri ilə zəngindir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin daha sabit saxlanmasına kömək edir. Ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabet riskinin azaldılmasına səbəb olur”.
“Çörəyi tamamilə rasiondan çıxarmaq da düzgün yanaşma deyil”
Abbas Bağırov qeyd edib ki, taxıl məhsulları orqanizmi enerji, B qrupu vitaminləri və müəyyən minerallarla təmin edir:
“Mən əhaliyə tövsiyə edirəm ki, kəpəkli və tam taxıllı çörəklərə üstünlük versinlər. Ağ undan hazırlanmış çörəyi həddindən artıq istehlak etməyin. Çörəyi kartof, düyü, makaron kimi digər karbohidrat mənbələri ilə birlikdə həddindən artıq qəbul etməyin. Çörəyi zülallı qidalar, tərəvəz və göyərti ilə balanslaşdırın. Çörək seçərkən onun yalnız rənginə deyil, həqiqi tərkibinə də diqqət yetirin. Bir məqamı da vurğulamaq istəyirəm: tünd rəngli hər çörək tam taxıllı və ya kəpəkli çörək demək deyil”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 07.11.2026
Niyə əvvəlki qədər çörək yemirik?
Hazırda oxunan: Niyə əvvəlki qədər çörək yemirik?
Hazırda oxunan: Niyə əvvəlki qədər çörək yemirik?
646534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































