2023-cü ildə Sakit okeanın Alyaska körfəzində aşkarlanan sirli “qızıl kürə”nin nədən ibarət olduğu üç illik araşdırmadan sonra müəyyən edilib.
Bizim.Media xəbər verir ki, “BBC Wildlife Magazine” nəşrinin məlumatına görə, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) alimləri obyektin nəhəng dərin dəniz anemonuna – Relicanthus daphneae növünə aid olduğunu müəyyənləşdiriblər.
Diametri təxminən 10 santimetr olan, parlaq qızılı rəngli və lifli quruluşa malik obyekt sualtı robot vasitəsilə qayadan götürülərək tədqiqat üçün laboratoriyaya aparılıb.
Elektron mikroskopla aparılan araşdırma nəticəsində obyektin tərkibində həşəratların xarici örtüyündə də olan xüsusi maddə, həmçinin dəniz anemonlarına xas, ovunu tutmağa xidmət edən hüceyrələr aşkar edilib.
DNT analizləri isə obyektin heyvan mənşəli olduğunu və nəhəng dərin dəniz anemonunun genetik materialını daşıdığını təsdiqləyib.
Alimlərin qənaətinə görə, bu, anemonun qayaya yapışmaq üçün istifadə etdiyi kutikula təbəqəsidir. Bununla belə, kürənin niyə qızılı rəngdə olduğu və üzərindəki dəliyin necə yarandığı hələ də məlum deyil.
Bizim.Media




































































































