Bu gün Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin 6 ili tamam olur. 2020-ci il noyabrın 8-də, Vətən müharibəsinin 43-cü günü Şuşa işğalçılardan təmizlənib və şəhərdə Azərbaycan Bayrağı dalğalanıb.
Bizim.Media xəbər verir ki, Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğal edilib. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb, 55 nəfər əsir düşüb və girov götürülüb.
İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb. Erməni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün 600-ə yaxın tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan ediblər. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumi təhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, eləcə də Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar, nadir sənət incilərini talayıb məhv ediblər.
Qarabağın tacı sayılan Şuşa şəhərinin yeni dövrü 6 il əvvəl - 2020-ci il noyabrın 8-də başlayıb. 28 il erməni hərbi birləşmələrinin işğalı altında qalan Şuşanın azad edilməsi əməliyyatı Vətən müharibəsinin ən uğurlu əməliyyatlarından, Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biridir. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq, Şuşaya doğru istiqamət götürüblər. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Noyabrın 7-də onlar yüngül silahlarla ətrafdakı qayalıqlara dırmaşaraq, şəhərə daxil olublar. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovublar və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
Həmin gün xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilib. Şuşa şəhərinin işğaldan azad olunmasının tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabrın 8-i Zəfər Günü elan olunub. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaldıb.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad olunduğu noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd edilib.
Bizim.Media



































































































