Ukraynanın "Qlavkom" nəşri ABŞ Prezidenti Donald Trampın yeni "sülh planı"nın ehtimal olunan təfərrüatlarını dərc edib.
Bizim.Media xəbər verir ki, planda Ukraynanın ərazi güzəştlərinə getməsi, NATO-ya üzvlükdən imtina etməsi və silahlı qüvvələrinin sayının məhdudlaşdırılması nəzərdə tutula bilər.
Nəşrin məlumatına görə, plan tam atəşkəsi və Ukrayna tərəfindən ərazi güzəştlərini, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Donbass və Zaporojye vilayətinin bir hissəsindən çıxarılmasını ehtiva edə bilər. Eyni zamanda, həmin ərazilərdə BMT kontingentinin yerləşdirilməsi istisna edilmir.
Planda Ukraynada referendum və seçkilərin keçirilməsi nəzərdə tutulur. Digər bənd isə ölkənin konstitusiyasına Ukraynanın bloklara qoşulmamaq statusunun təsbit edilməsini, NATO və digər hərbi ittifaqlara üzvlükdən imtina olunmasını əhatə edən dəyişikliklərin edilməsi ola bilər.
Kiyev Rusiya nəzarətinə keçəcək əraziləri güc yolu ilə geri qaytarmağa çalışmamaq öhdəliyi götürə bilər. Bununla yanaşı, ehtimal olunan planda dil məsələsi ilə bağlı razılaşmaların da ola biləcəyi bildirilir.
Nəşrin iddiasına görə, yekun sülh sazişi yeni Ukrayna hakimiyyəti tərəfindən imzalana bilər, bundan sonra əldə olunmuş razılaşmalar BMT-də xüsusi prosedur vasitəsilə təsbit edilməlidir.
"Qlavkom" sənədin rəsmi mətninə malik deyil və irəli sürülən təfərrüatlar hələ ki Moskva, Kiyev və ya ABŞ nümayəndələri tərəfindən təsdiqini tapmayıb.
Bizim.Media

































































































