Fastfudun müntəzəm istehlakı orqanizmdə faydalı qida maddələrinin çatışmazlığına, bağırsaq mikrobiomunun pozulmasına və xroniki xəstəliklər riskinin artmasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, terapevt Olqa Suxareva fastfudun sağlamlıq üçün yaratdığı təhlükələr barədə danışıb.
Həkimin sözlərinə görə, əsas təhlükə bu qidaların hazırlanma texnologiyası ilə bağlıdır.
Xüsusilə transyağların mövcudluğu ciddi narahatlıq doğurur. Bu maddələr yalnız məhsulların yağda qızardılması zamanı deyil, həm də bulkaların hazırlanmasında və qızartma örtüklərində qismən hidrogenləşdirilmiş bitki yağlarından istifadə nəticəsində yaranır.
Suxareva fastfudun yüksək kalorili olmasına da diqqət çəkib. Onun sözlərinə görə, bir burgerin qısa müddətdə yeyilməsi təxminən iki tam ev yeməyinin enerji dəyərini qəbul etməyə bərabər ola bilər.
Həkim fastfudun tərkibində şəkər, duz, doymuş yağlar, emulqatorlar və dadlandırıcıların çox olduğunu vurğulayıb. Bu səbəbdən həmin məhsullar ultraemal olunmuş qidalar hesab edilir.
Bununla yanaşı, belə qidalarda orqanizm üçün vacib olan lif, vitaminlər, mikroelementlər və antioksidantlar kifayət qədər olmur.
Mütəxəssis bildirib ki, fastfudun müntəzəm istehlakı orqanizmdə iltihabi prosesləri gücləndirə, bağırsaq mikrobiomunu poza və bağırsaq divarının keçiriciliyini artıra bilər. Bu isə xroniki qeyri-infeksion xəstəliklərin yaranma riskini yüksəldir.
Suxareva fastfudun qidalanma davranışına mənfi təsirindən də danışıb. Onun sözlərinə görə, istehsalçılar məhsulların dad xüsusiyyətlərini bilərəkdən gücləndirirlər ki, insanlar onları daha tez-tez istehlak etsinlər.
Həkim xüsusilə uşaqlar və yeniyetmələr üçün bu təhlükənin ciddi olduğunu bildirib.
Bizim.Media






























































































