Rusiya Ukraynaya qarşı müharibəni digər Avropa ölkələrinin ərazisinə yaymağa cəhd edə bilər. Mümkün ssenarilərdən biri Latviya, Litva və Estoniyaya hücumdur.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi analitik Andrey Kramarov “Ukrayna radiosu”na müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyada müharibədən qazanc əldə edən və onun davam etməsində maraqlı olan elita formalaşıb.
Bu qüvvələr üçün hərbi əməliyyatların genişləndirilməsi gəlirlərin artırılması imkanı kimi görünə bilər.
Ekspert hesab edir ki, Moskva Baltikyanı ölkələri işğal etmək məqsədilə NATO-ya qarşı hücuma cəhd göstərə bilər. O, son vaxtlar həmin ölkələrdə Rusiyayönlü siyasi qüvvələrin və təbliğatçıların fəallaşdığını da vurğulayıb.
Kramarovun fikrincə, Finlandiyaya hücum Moskva üçün daha riskli addım olardı. O, 1939–1940-cı illərdə SSRİ-nin Finlandiyaya qarşı müharibəsini xatırladaraq, həmin müdaxilənin Sovet İttifaqı üçün uğursuz nəticələndiyini qeyd edib.
Analitik Avropa ölkələrinin müasir müharibə şəraitinə hələ hazır olmadığını bildirib və Ukrayna-Rusiya müharibəsinin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Almaniya hərbçilərinin bir hissəsinin Estoniyaya göndərilməsi Avropanın təhlükəni tədricən anlamağa başladığını göstərir.
Bizim.Media































































































