İsrail Prezidenti İsxak Hersoq siyasi partiyaların liderlərini seçkilərin nəticələrini qəbul etməyə və yeni seçkilərin keçirilməsinə yol verməmək üçün kompromis tapmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
“Seçkilər başa çatıb, seçkilərin nəticələri müəyyən edilmiş faktdır, bu, reallıqdır”, – deyə Hersoq İsrailin ilk prezidenti Xaim Veytsmanın xatirəsinə həsr olunmuş dövlət mərasimində bildirib.
Çərşənbə günü Mərkəzi Seçki Komissiyasının rəhbəri Noam Solberq səsvermənin rəsmi nəticələrini Hersoqa təqdim edəcək. Bundan sonra prezident baş nazir vəzifəsinə namizəd irəli sürəcək və mümkün koalisiyanın formalaşdırılmasını müzakirə edəcək partiya rəhbərləri ilə məsləhətləşmələrə başlayacaq.
Hersoq bildirib ki, onun iqamətgahının qapıları bütün partiya və fraksiyalar üçün açıq olacaq. O, siyasətçiləri yeni səsvermədən yayınmağa imkan verəcək “yaradıcı həllər” axtarmağa çağırıb.
“Seçki kampaniyası zamanı namizədlər təbii və proqnozlaşdırılan şəkildə ağaclara dırmaşırlar”, – deyə İsrail prezidenti bildirib.
Onun sözlərinə görə, seçkilərdən sonra “ağaclardan enmək və reallığın üzünə baxmaq” vaxtı çatıb.
Hersoq əlavə edib ki, qarşıdakı məsləhətləşmələr zamanı onun iqamətgahı partiya liderlərinin “ölçülü və ehtiyatlı şəkildə” reallığa qayıtmasına kömək edəcək.
Bizim.Media































































































