Heydər Əliyev Beynəlxalq Aeroportu və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid övladları üçün xüsusi tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aeroportun Terminal 1-də yerləşən əyləncə zonasında 16 şəhid övladı bir araya gəlib. Onlar üçün müxtəlif oyunlar, yarışlar və əyləncəli fəaliyyətlərdən ibarət proqram hazırlanıb.
Uşaqlar animatorların təşkil etdiyi oyunlarda iştirak edib, sehrbaz şousunu izləyib və stolüstü oyunlarla əyləniblər. Proqram onların birlikdə maraqlı vaxt keçirməsinə və xoş xatirələr qazanmasına şərait yaradıb.
Bu təşəbbüs Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın və onların övladlarına göstərilən diqqət və qayğının ifadəsi olub.
Bizim.Media




































































































