Bakıda mənzillərin ən ucuz və ən baha olduğu rayonlar – Siyahı

Hazırda oxunan: Bakıda mənzillərin ən ucuz və ən baha olduğu rayonlar – Siyahı

646204

Paytaxtın daşınmaz əmlak bazarında qiymətlər sürətlə dəyişir. Artım tempi təbii ki, əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənir.

Marqlıdır ki, son zamanlar torpaq daha sürətlə bahalaşır. Bu da onunla bağlıdır ki, Bakıda torpaq ehtiyatları məhdudur. Bir çox ərazilərdə isə söküntü işlərindən sonra torpaqlar yenidən dövriyyəyə qaytarılır. Bu səbəblərə görə torpaq daha sürətlə bahalaşır.

Bəs ən çox bahalaşma paytaxtın hansı ərazilərində müşahidə olunur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, təkcə 2026-cı il oktyabr ayı üzrə Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17,9% artıb:

“Rayonlar üzrə ən yüksək artım Səbaildə qeydə alınıb – 29,1%. Yasamalda qiymətlər 27,1%, Nəsimidə 24,5%, Nizamidə isə 22,3% yüksəlib. Köhnə tikililərdə qiymət artımı ötən ay 10,8% olub. Bu seqmentdə ən yüksək artım Səbail rayonunda – 20,5%, Yasamalda – 19,9%, Nəsimidə – 15,9%, Nərimanovda isə 14,0% olub. Digər rayonlarda isə qiymət artımı nisbətən az olub.

Yeni tikili mənzillər üzrə Bakı şəhərində orta qiymət artımı isə 14,0% təşkil edib. Ən yüksək göstərici yenə də Səbail rayonunda qeydə alınıb – 21,8%. Yasamalda artım 20,4%, Xətaidə 18,6% olub. Nəsimi rayonunda 17,4%, Nərimanovda 17,2%, Nizamidə 16,0%, Binəqədidə isə 14,0% artım qeydə alınıb.

Digər rayonlarda artım daha aşağı olub. Onu da qeyd edək ki, yeni tikili mənzillərdə qiymət artımına yeni layihələrin yerləşməsi, tikinti keyfiyyəti, infrastruktura çıxış, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin imkanları ilə yanaşı, müasir mənzillərə olan tələbat da təsir göstərir.

Fərdi yaşayış evləri üzrə Bakı şəhərində orta qiymət artımı 13,2% olub. Bu seqmentdə də ən yüksək göstərici Səbail rayonunda qeydə alınıb – 22,8%. Nizamidə artım 16,8%, Nərimanovda 15,9%, Xəzərdə 15,6%, Nəsimidə 14,1%, Sabunçuda isə 13,2% təşkil edib.

Qeyri-yaşayış obyektlərinin qiymət artımı tepminə görə də Səbail ön sıradadır – 27,1%. Nəsimidə artım 24,4%, Nərimanov rayonunda qeyri-yaşayış obyektlərinin qiyməti 24,3%, Xətaidə 17,1%, Yasamalda 12,7%, Nizamidə isə 12,5% olub”.

Bəs, ən bahalı mənzillər hansı ərazilərdədir?

AQC-nin sədri bildirib ki, Bakı mənzil bazarında ən yüksək orta qiymət Səbail rayonunda qeydə alınıb:


“Belə ki, bu rayonda mənzilin bir kvadratmetri 4 min 256 manat, ən aşağı göstərici isə Pirallahı rayonunda – 1 474 manatadır. Maksimum qiymətlər üzrə Nəsimi rayonu 6 742 manatla ilk sırada qərarlaşıb. Bu göstərici Səbail rayonunda 6 259 manat, Nərimanov rayonunda isə 5 218 manat olub. Minimum qiymətlərə gəldikdə isə ən yüksək hədd Nəsimi rayonunda 2 977 manat, ən aşağı hədd isə Pirallahıda 1 037 manat qeydə alınıb.

Orta qiymətlər üzrə Səbail və Nəsimi rayonlarından sonra Nərimanov (3 978 manat), Xətai (3 427 manat), Yasamal (3 452 manat) və Sabunçu (3 319 manat) rayonları fərqlənir. Bakı şəhəri üzrə rayon göstəricilərinin orta həddi maksimum qiymətlərdə 3 981 manat, orta qiymətlərdə 2 905 manat, minimum qiymətlərdə isə 1 989 manat təşkil edib.

Paytaxtın mənzil bazarında qiymət səviyyəsi rayonların yerləşməsi və əmlak bazarının xüsusiyyətlərindən asılı olaraq dəyişir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin