Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdıqdan sonra ölkədə genişmiqyaslı vətəndaş müharibəsi baş verə bilər.
Bizim.Media xəbər verir ki, bu ssenarini Siyasi Proseslərin Ekspert Dəstəyi Mərkəzinin rəhbəri Aleksey Yaroşenko NEWS.ru-ya müsahibəsində səsləndirib.
Yaroşenkonun fikrincə, KTMT ilə əlaqələrin kəsilməsi Ermənistan üçün daxili silahlı münaqişə ilə nəticələnə bilər. NEWS.ru-nun həmsöhbətinin qiymətləndirməsinə görə, bunun əsas zərbəsi vətəndaşların rifahına dəyəcək. Ermənistan və Rusiya qarşılıqlı ticarəti dayandıracaq, mal və xidmət mübadiləsinə son qoyulacaq. Moskva isə kritik əhəmiyyətli resursların tədarükünü dayandıracaq.
“Bütün bunlar iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxaracaq. Ermənistan xalqı yoxsullaşdıqda, bu isə çox sürətlə baş verəcək, parçalanma yaranacaq. Buna görə də hələ gec deyil, Ermənistanın yoxsullaşmasını istəməyən hər kəs İrəvanın KTMT-dən çıxmasına imkan verməməli və ölkənin gələcəyini Baş nazir Nikol Paşinyandan qorumalıdır”, – deyə Yaroşenko bildirib.
Bundan əvvəl Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına marağının tükəndiyini bildirmişdi. O, bununla təşkilatın baş katibi Taalatbek Masadıkovun açıqlamasına cavab vermişdi.
Masadıkov isə noyabrın 11-də blokun üzvlərinin Ermənistanla bağlı KTMT Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsinə baxacağını bildirmişdi.
Bizim.Media






























































































