İtaliya Ukraynaya yeni hərbi yardım paketinin hazırlanmasını başa çatdırır. Bu, 2026-cı ildə ilk, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri isə 13-cü paket olacaq.
Bizim.Media xəbər verir ki, Reuters bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İtaliyanın müdafiə naziri Gvido Krozetto noyabrın 10-da paketi parlamentin Kəşfiyyat və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinə (COPASIR) təqdim edəcək.
Yardımın dəqiq tərkibi məxfi saxlanılsa da, Reuters-in mənbələrinin məlumatına görə, paketə Fransa-İtaliya istehsalı olan SAMP/T hava hücumundan müdafiə sistemi üçün Aster raketləri daxil edilib.
Agentlik xatırladıb ki, Kiyev Rusiya raketlərinin və pilotsuz uçuş aparatlarının şəhərlərə, eləcə də kritik infrastruktura hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə imkanlarının artırılmasını dəfələrlə xahiş edib.
Hökumətin qərarı Ukraynaya 2026-cı il dekabrın 31-dək hərbi yardım göstərilməsini nəzərdə tutur. Lakin bu proqramın 2027-ci ildə uzadılıb-uzadılmayacağı hələ məlum deyil. Belə ki, Baş nazirin müavini Matteo Salvini və onun təmsil etdiyi “Liqa” partiyası Kiyevə silah tədarükünün davam etdirilməsinə qarşı çıxacaqlarını bəyan ediblər.
Bizim.Media






























































































