Azərbaycanda dollara tələb kəskin azalıb. Mərkəzi Bankın ehtiyatları rekord həddə yüksəlib. Mərkəzi Bankın dollar ehtiyatları 15,4 milyarda çatıb – 9 ayda 33% artım. Azərbaycanda dollar satışları alışları 759 milyon dollar üstələyib.
Azərbaycanda dollarlaşma 25,7%-ə düşüb.
Azərbaycanda xarici valyutaya tələbin əhəmiyyətli dərəcədə azalması, bazarda isə valyuta təklifinin artması fonunda Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta alışları həyata keçirib. Nəticədə 2026-cı ilin yanvar–sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 33,4% artaraq 15 milyard 400 milyon ABŞ dollarına çatıb.
Hesabat dövründə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 3 milyard 900 milyon dollar artıb. İlin əvvəlində ehtiyatların həcmi təxminən 11 milyard 544 milyon dollar təşkil edirdi.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta bazarında müşahidə edilib.
Xüsusilə diqqətçəkən məqam əhalinin xarici valyuta əməliyyatlarında satışın alışdan çox olmasıdır.
Belə ki, 2026-cı ilin yanvar–sentyabr aylarında valyuta mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi onlara satdığı valyutanın həcmindən 759 milyon ABŞ dolları çox olub.
Bu göstərici əhalinin və digər müştərilərin nağd xarici valyuta satışlarının alışları üstələdiyini göstərir.
Əmanətlərin dollarlaşmasında azalma
Valyuta bazarında müşahidə edilən digər mühüm dəyişiklik əhalinin bank əmanətlərində xarici valyutanın payının azalmasıdır.
Mərkəzi Bankın məlumatına görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25,7%-ə düşüb.
Bu göstərici 2025-ci ilin sentyabrında 29% təşkil edirdi.
Beləliklə, əhalinin bank əmanətlərində manatla yerləşdirilən vəsaitlərin payı artıb, xarici valyutada saxlanılan əmanətlərin payı isə azalıb.
Dollarlaşma səviyyəsinin azalması manatın dəyər qazanmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, tələbatın azalması dolları dəyərdən salmayacaq:
“Sadəcə əhalinin tələbatı azalıb. Bu da ölkədə iqtisadi aktivliyin azalmasıyla bağlıdır. Üstəlik bir zamanlar sandığa yatırılan dollarlar vətəndaşlar tərəfindən bazara çıxardılaraq satılır. Əslində bu gün dollar ucuzlaşa bilər. Lakin Mərkəzi Bank buna getməyə hazırlaşmır. Baxmayaraq ki, valyuta ehtiyatlarımız çoxdur. Ona görə də dolları ucuzlaşdıra bilərik. Amma bir məsələ var ki, bu vəziyyət neft gəlirləri ilə bağlıdır. Neft hasilatı da ilbəil azalır. Bu səbəbdən də dolların məzənnəsi aşağı salınmayacaq”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 06.11.2026
Pulunu dollarla saxlayanlara xəbərdarlıq
Hazırda oxunan: Pulunu dollarla saxlayanlara xəbərdarlıq
Hazırda oxunan: Pulunu dollarla saxlayanlara xəbərdarlıq
646174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































