Şah Abbasın, Sultan Əhmədin görüş yeri – Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Hazırda oxunan: Şah Abbasın, Sultan Əhmədin görüş yeri – Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

646217

İki böyük çayın – Kür və Arazın qovuşduğu, qədim siyasi çəkişmələrlə bol olan bərəkətli Muğan torpağında elə bir şəhər var ki, onun hər daşında ayrı bir tarix yatır. Ona Muğan torpağı desək də, əslində Mil və Şirvan düzənliklərini də bir nöqtədə qovuşduran nadir coğrafi məkanlardandır.

Söhbət Muğanın günəşi  Sabirabaddan gedir! Ümumiyyətlə Sabirabadın taleyinə “qovuşdurmaq” yazılıb. Bu müqəddəs missiya ilə o, Miladdan öncə də sonra da suyu torpağa, şahı taca, hətta düşməni, dostu belə qovuşdurmağı, bir araya gətirməyi özünə borc bilib.

Taleyinə qovuşdurmaq missiyası yazılmış şəhər

1888-ci ildən Petropavlovka adını daşıyan bu şəhərə 1931-ci ildə böyük şairin şərəfinə Sabirabad adlandı verilib. Amma şəhər uzun illər, hətta əsrlər boyunca Cavad adlandırılıb. Böyük Cavad qəzası da məhz burdan götürülüb. Sabirabadın tarixində Cavad adı o qədər mühüm yer tutur ki, bu gün də rayonun kəndlərindən biri həmin qədim şəhərin adını yaşadır.

"Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə də tanınan bu Muğan torpağı bir çox illər ərəblərin, osmanlıların, farsların və digər işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilib. İndiki Zəngənə kəndi isə vaxtilə Şəhərgah olub, yəni bu tarixi şəhərin mərkəzi hissəsi, o vaxtın zənginlərinin ədəbazların, görüşlərin keçirildiyi yer olub.  

Cavad torpaqları IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941-981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410-1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olub. XVII əsrdə Cavad Şirvan bəylərbəyliyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyliyinə daxil idi. Səfəvi-Osmanlı müharibəsi dövründə isə Cavad Osmanlılar tərəfindən işğal edilib.  

Persiyanın zadəganları Suqovuşana niyə gəlmişdilər?

Abbasqulu Bakıxanov "Bakı xanlıqları tarixindən" adlı əsərində yazırdı:

"15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada Persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi".

Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülür. 1888-ci ildə indiki rayonun ərazisi Petropalovka adlandırılıb. Petropalovka Bakı quberniyasının Cavad qəzasının tərkib hissəsi idi.

Talan edilən tarix

1778-ci ildə şəhər Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün Rəşt və Ənzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı.

Bir vaxtların ən əhəmiyyətli xanlıqlarından olan, şahların, sultanların seçdiyi bu coğrafi məkanın adı bu gün ölkənin ən sadə rayonlarından biri kimi çəkilir. Təəssüf ki, zəngin tarixi keçmişə, qədim Cavad irsinə və mühüm mədəni dəyərlərə sahib olan Sabirabad bu gün çoxları tərəfindən yalnız qarpızı ilə xatırlanır. Halbuki belə qədim tarixə malik bir diyarın adı təkcə kənd təsərrüfatı məhsulları ilə deyil, tarixi, mədəniyyəti və yetişdirdiyi şəxsiyyətlərlə də tanınmağa layiqdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin