Məleykə Abbaszadədən təhsillə bağlı 3 MÜHÜM TƏKLİF

Hazırda oxunan: Məleykə Abbaszadədən təhsillə bağlı 3 MÜHÜM TƏKLİF

636528

"Təhsil işçilərinin konfransında təhsilimizin mövcud vəziyyəti, şagirdlərin öyrənmə nəticələri və qarşıda duran əsas vəzifələrlə bağlı ətraflı məlumat və təhlillər təqdim olundu. Xüsusilə monitorinq nəticələrinin açıq şəkildə təqdim edilməsini çox vacib hesab edirəm. Təqdim olunan hesabat böyük həcmdə məlumatın təhlilinə və ciddi elmi işə əsaslanırdı. Ən əsası isə mövcud problemləri və üzərində işləməli olduğumuz istiqamətləri aydın göstərirdi".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, təhsildə problemlərin görünməsi mənfi hal deyil:
 

"Əksinə, onları düzgün müəyyənləşdirmək təkmilləşməyə gedən yolun başlanğıcıdır. Ölçmədiyimiz, səbəbini araşdırmadığımız problemi effektiv şəkildə həll edə bilmərik.


Konfrans zamanı bu istiqamətdə bir neçə təklifimi də bölüşdüm.İlk təklifim müəllimlərin peşəkar şəbəkələşməsinə və davamlı inkişafına xidmət edən platformanın yaradılması ilə bağlı oldu.

Belə bir platforma müəllimlərin yalnız bir-birindən öyrənməsinə deyil, eyni zamanda müasir texnoloji imkanlardan istifadə etməklə fərdi inkişafına dəstək verə bilər. Xüsusilə süni intellekt əsaslı assistentlərin müəllim üçün metodiki və peşəkar inkişaf alətinə çevrilməsi imkanlarını nəzərdən keçirməliyik. Bunun üçün müəllimlərə müvafiq təlimlərin və metodiki dəstəyin göstərilməsi də vacibdir.

Dövlət İmtahan Mərkəzi olaraq biz də belə bir platformaya qoşulmağa və malik olduğumuz elmi-metodiki resursları müəllimlərlə təmənnasız bölüşməyə hazırıq. DİM-in markerlər üçün təşkil etdiyi kursların, “Gənc psixometrik” proqramı çərçivəsində keçirilən təlimlərin, adaptiv testləşdirmə üzrə hazırladığımız modulların, müxtəlif fənlər üzrə elmi-metodiki seminarların materiallarının, eləcə də imtahanlarla bağlı müəllimlər üçün faydalı ola biləcək məlumatların bu platformada əlçatan olmasına dəstək verməyə hazırıq".

M.Abbaszadə vurğulayıb ki, digər vacib məsələ aşağı nəticə göstərən şagirdlərlə işdir:

"Hesab edirəm ki, uşağa sadəcə “zəif şagird” yanaşması ilə baxmaq doğru deyil. Aşağı nəticənin arxasında müxtəlif səbəblər ola bilər və onları müəyyən etmədən düzgün müdaxilə modelini seçmək mümkün deyil".

Onun fikrincə, hər bir uşağın bacarıqları, öyrənmə xüsusiyyətləri və güclü tərəfləri fərqlidir. DİM sədri bildirib ki, bir istiqamətdə digərlərindən geri qalması onu ümumilikdə zəif etmir – bu, həmin uşağın fərdi yanaşmaya ehtiyacı olduğunu göstərə bilər:
 

"Buna görə də aşağı nəticə göstərən şagirdlərin müvafiq psixometrik alətlərlə qiymətləndirilməsini, bu prosesdə peşəkar psixoloqların iştirakını vacib hesab edirəm".


M.Abbaszadənin üçüncü təklifi məlumatların qarşılıqlı paylaşılması ilə bağlıdır. O deyib ki, hər il buraxılış və qəbul imtahanlarından sonra Dövlət İmtahan Mərkəzi tərəfindən formalaşdırılan müvafiq məlumat bazaları Elm və Təhsil Nazirliyi ilə paylaşılır:

"Təklif etdim ki, məktəblərdə aparılan monitorinqlərin nəticələri üzrə məlumat bazalarının da DİM-lə paylaşılması imkanlarına baxılsın".
 

DİM sədri bildirib ki, bu məlumatların sistemli şəkildə bir araya gətirilməsi gələcəkdə uzunmüddətli müşahidə tədqiqatlarının aparılmasına, eyni şagirdlərin nəticə və inkişaf dinamikasının müxtəlif təhsil mərhələləri üzrə izlənilməsinə imkan yarada bilər:


"Belə tədqiqatlar bizə yalnız müəyyən bir mərhələdə əldə olunan nəticəni deyil, həmin nəticənin illər ərzində necə formalaşdığını, hansı amillərin şagirdin inkişafına təsir etdiyini daha dərindən öyrənmək imkanı verər. Müxtəlif qiymətləndirmə mərhələlərində əldə olunan məlumatların birgə təhlili bizə yalnız nəticəni deyil, nəticəyə aparan prosesi də görməyə imkan verə bilər. Şagird hansı mərhələdə çətinliklə üzləşir? Problem nə zaman yaranır? Hansı müdaxilə nəticəni dəyişir? Bu suallara cavab tapmaq üçün məlumatlar arasında əlaqəni görmək vacibdir.

İnanıram ki, təhsil ictimaiyyətinin malik olduğu bilik, təcrübə və məlumatları bir araya gətirdikcə daha düzgün qərarlar qəbul etmək və hər bir şagird üçün daha geniş inkişaf imkanları yaratmaq mümkündür.

Təhsildə keyfiyyəti yalnız yekun rəqəmlərlə deyil, həmin rəqəmlərin arxasında dayanan səbəbləri anlayaraq yüksəldə bilərik.

Yeni tədris ilində müəllimlərimizə uğurlar, şagirdlərimizə isə öyrənməkdən, özünü kəşf etməkdən və inkişaf etməkdən zövq aldıqları bir il arzulayıram. Qarşıdakı tədris ilinin hər bir uşağın potensialını daha yaxşı görə bildiyimiz və bu potensialın üzə çıxmasına daha çox imkan yaratdığımız bir il olmasını arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin