ABŞ senatoru Tom Tillis hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin qışdan çıxaraq mövqelərini gücləndirmək və Ukraynaya qarşı əlavə təzyiq imkanları əldə etmək istəyir.
Bizim.Media xəbər verir ki, Tillis “Azadlıq Radiosu”na açıqlamasında Putinin Ukraynanın enerji sistemi ilə yanaşı, ölkədə ərzaq istehsalı və ixracına da zərər vurmağa çalışdığını bildirib.
Senatorun sözlərinə görə, Rusiyanın Ukraynadakı ABŞ şirkətlərinin obyektlərinə hücumları təkcə biznesə qarşı deyil, həm də Ukrayna demokratiyasına və suveren dövlətinə qarşı hücum kimi qiymətləndirilməlidir.
Tillis ABŞ-ın “Cargill” şirkətinə məxsus, Rusiya hücumları nəticəsində zədələnən obyekti də buna nümunə göstərib.
O bildirib ki, söhbət yalnız bir obyektdən deyil, kənd təsərrüfatı məhsullarının yetişdirilməsindən ixracına və insanların ərzaqla təmin edilməsinə qədər bütün zəncirdən gedir.
Senatorun iddiasına görə, Putin Ukraynada ərzaq sənayesini məhv etməklə yanaşı, xüsusilə Afrikada insanların ərzağa çıxışına təsir göstərmək istəyir.
Bizim.Media

































































































