"O, öldürməyi hamıdan yaxşı bacarır" - Putin Ukraynaya cəhənnəm qışı hazırlayır

Hazırda oxunan: "O, öldürməyi hamıdan yaxşı bacarır" - Putin Ukraynaya cəhənnəm qışı hazırlayır

636513

Döyüş meydanında uğursuzluqlarla üzləşən Rusiya Ukraynanın mülki infrastrukturuna getdikcə daha intensiv zərbələr endirir. 

Bizim.Media xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə şərhçi Saymon Tisdall “The Guardian” nəşri üçün yazdığı köşəsində bildirib.
 

Onun sözlərinə görə, Rusiya raketləri və pilotsuz uçuş aparatları mütəmadi olaraq Kiyevi və Ukraynanın digər şəhərlərini hədəfə alır. Hədəflər arasında yaşayış binaları, xəstəxanalar, məktəblər, logistika mərkəzləri, anbarlar, müəssisələr, həmçinin əhalinin ərzaq və dərmanlarla təmin olunması üçün zəruri olan obyektlər var.


Müəllif xəbərdarlıq edir ki, qışın yaxınlaşması ilə vəziyyət daha da çətinləşə bilər. Onun fikrincə, Rusiya yenidən Ukraynanın enerji sistemi və su təchizatına genişmiqyaslı zərbələr endirməyə cəhd göstərəcək. Bu isə milyonlarla insanın elektrik enerjisi və istilikdən məhrum qalmasına səbəb ola bilər.

Tisdall hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin müharibəni başa çatdırmağa hazır olduğunu nümayiş etdirmir. Ölkə daxilində ciddi itkilərə və iqtisadi təzyiqlərə baxmayaraq, Rusiya rəhbərliyi qarşıya qoyulan məqsədlərin guya uğurla yerinə yetirildiyini söyləməkdə davam edir. 

Köşə yazarı bunu belə ifadə edir: “O, məğlub olduğunu etiraf etməkdənsə, hamıdan yaxşı öldürəcək”.

Eyni zamanda müəllif Ukrayna cəmiyyətinin uzun sürən müharibədən yorulduğuna diqqət çəkir.

Onun təqdim etdiyi məlumatlara görə, ukraynalıların təxminən 60 faizi Donbas ərazilərinin Rusiyaya verilməsinə qarşıdır, lakin təxminən eyni nisbətdə insan Qərbin etibarlı təhlükəsizlik zəmanətləri ilə təmin ediləcəyi təqdirdə atəşkəsi dəstəkləməyə hazırdır.
 

Tisdallın fikrincə, əsas problem ardıcıl Qərb strategiyasının olmamasıdır. O, ABŞ-ın tərəddüdlərini və Avropa ölkələrinin Amerikanın hərbi yardımındakı çatışmazlığı tam şəkildə kompensasiya edə bilməməsini tənqid edir.


Köşə yazarı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə digər uzunmüddətli münaqişələr arasında da paralellər aparır. Onun qiymətləndirməsinə görə, hərbi əməliyyatları dayandırmaq üçün effektiv beynəlxalq mexanizmlərin olmaması, nəzarətin zəifliyi və hərbi cinayətlərə görə cəzasızlıq müharibələrin illərlə davam etməsinə şərait yaradır.

Sonda Tisdall Qərb demokratiyalarını Rusiyanın hücumları fonunda kənarda qalmamağa çağırır.

O hesab edir ki, NATO Rusiyanın bundan sonra hərbi cinayətlər törətməsinin yolverilməz olduğunu açıq şəkildə bəyan etməli və Rusiyaya təzyiqi gücləndirməlidir. Müəllifin təklif etdiyi tədbirlər arasında Moskvanın Ukrayna şəhərlərinə qarşı kampaniyasını davam etdirməsi halında Rusiya pilotsuz uçuş aparatlarına və raket buraxılış qurğularına zərbələr endirmək hədəsi də var.

Müəllifin fikrincə, bu cür addımların məqsədi müharibənin uzunmüddətli münaqişəyə çevrilməmişdən əvvəl Putini geri çəkilməyə məcbur etməkdir.

UNİAN-ın məlumatına görə, bundan əvvəl Kreml Rusiyanın Ukraynada “hər şeyə ardıcıl olaraq” zərbələr endirdiyini açıq şəkildə etiraf edib, lakin buna görə məsuliyyəti ukraynalıların üzərinə qoyub.
 

Son vaxtlar Rusiya “Bandero l” raketləri və “Şahid”lərin reaktiv versiyaları kimi ucuz zərbə vasitələrinin istehsalını kəskin artırıb. Bu vasitələrin mobil hava hücumundan müdafiə qrupları tərəfindən ələ keçirilməsi çətindir.


Nəticədə Rusiya Ukraynanın arxa cəbhəsini nisbətən aşağı xərclə terror altında saxlamaq imkanı əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin