İsveçdə seçki günü bülletenlərlə bağlı problemlər barədə çoxsaylı məlumatlar daxil olur.
Bizim.Media xəbər verir ki, ölkənin Seçki Komissiyasının məlumatına görə, bu vaxta qədər 466 insident qeydə alınıb və onların 231-i seçicilər üçün zəruri olan bülletenlərin olmaması ilə bağlıdır.
Məlumatlar ölkənin müxtəlif regionlarından daxil olur.
Falkenberqdə dörd seçki məntəqəsində bələdiyyə və regional seçkilər üçün Xristian Demokrat Partiyasının təxminən 8 min bülleteni olmayıb. Bunlarla bağlı hələlik məlumat yoxdur. Partiyanın nümayəndələri səhər saatlarında seçki məntəqələrinə əlavə bülletenlər çatdırıblar .
Stokholmda bir seçici Valhallavegen küçəsindəki seçki məntəqəsi açıldıqdan təxminən 20 dəqiqə sonra orada “İsveç Demokratları” partiyasının namizədlərinin adları qeyd olunan bülletenlərin olmadığını bildirib. Şəhər Seçki Komissiyası isə bu məntəqədə hər hansı problem barədə rəsmi məlumat almadığını açıqlayıb.
Komissiyadan bildirilib ki, namizədlərin siyahısının yer aldığı bülletenlərin çatdırılmasına partiyaların özləri cavabdehdir. Buna görə də səsvermənin ilk saatlarında bu bülletenlərin olmaması partiya nümayəndələrinin onları hələ seçki məntəqəsinə çatdırmağa vaxt tapmaması ilə bağlı ola bilər.
Bununla belə, seçicilər partiyanın bülleteninə konkret namizədin adını yazmaqla həmin namizədə səs verə bilərlər.
İsveç Seçki Komissiyasından o da deyilib ki, bu cür insidentlər ölkənin hər yerində baş verir. Qurum, həmçinin vurğulayıb ki, bülletenlər başqa yerə aparıla, oğurlana və ya nəzərdə tutulan yerdə olmaya bilər.
Erkən səsvermə zamanı gündə orta hesabla təxminən 170 insident barədə məlumat daxil olub, əsas seçki günündə isə bu sayın əhəmiyyətli dərəcədə çox olacağı gözlənilir.
Ölkədə təxminən 6300 seçki məntəqəsi açılıb. Seçki məntəqələrinin kifayət qədər bülletenlə təmin edilməsinə görə məsuliyyət bələdiyyələrin üzərinə düşür.
Bizim.Media

































































































