Küləkli hava şəraitində bəzi işlərin dayandırılması ilə bağlı yeni qaydalar müəyyənləşdiriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, küləkli havada açıq şəraitli iş yerlərində, o cümlədən həmin iş yerləri üzrə qurğularda çalışan işçilərə müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.
Bundan başqa, ilin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti və ya küləkli hava şəraitində işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri müəyyənləşdiriləcək.
Layihədə küləyin gücünün işlərin görülməsinə təsiri ilə bağlı xüsusi qaydalar da nəzərdə tutulur.
Belə ki, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Günay Şahmar, Bizim.Media


































































































