Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson hesab edir ki, Ukrayna Rusiyaya təzyiqi davam etdirməli, xüsusilə də onun infrastrukturuna zərbələr endirməlidir. Onun sözlərinə görə, bunun üçün Ukraynanın lazımi imkanları var – xüsusilə dronlar və “Flaminqo” raketləri.
Bizim.Media xəbər verir ki, o, bunu “Forbes Ukraine”ə müsahibəsində deyib.
“Problem Putindədir. O, təzyiq daha güclü olmayana qədər müharibəni dayandırmaq fikrində deyil. Ukraynalılar qəhrəmancasına təzyiq göstərirlər. Siz uzaq məsəfəyə zərbələr üçün bu gün gördüyüm “Fire Point” vasitələrinin bəzilərindən istifadə edirsiniz... Həmçinin cəbhədə Rusiya iyul və avqust aylarında rekord sayda – 42 min insan itirib”, – Boris Conson deyib.
Onun fikrincə, Putin bu müharibəni udmur, lakin onu davam etdirməyin daha yaxşı olduğunu düşünür.
“Buna görə də ona təzyiqi davam etdirmək edilə biləcək yeganə şeydir. Qorxuram ki, Ukraynanı yenidən çox ağır qış gözləyir. Amma indi siz Moskva və Sankt-Peterburqa da eyni ağrını yaşatmağa cəhd edə bilərsiniz”, – keçmiş baş nazir bildirib.
Boris Conson Ukraynanın uzaqmənzilli silahlarının imkanlarına da diqqət çəkib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın infrastrukturuna ciddi ziyan vura bilər.
“Siz bunu edə bilərsiniz. Bu dronlar və “Flaminqo” raketləri, eləcə də digər vasitələrinizlə Rusiyanın infrastrukturuna ciddi zərər vura, bir çox şeyi sıradan çıxara bilərsiniz. Niyə də yox? Xüsusilə də ruslar Ukraynada mülki obyektlərə hücum etmək niyyətindədirlərsə”, – keçmiş baş nazir vurğulayıb.
Onun fikrincə, Putin Ukraynanı kapitulyasiyaya məcbur edə bilməyəcək.
“Putin anlamalıdır ki, bu müharibə axmaqlıqdır. O, Ukraynanı kapitulyasiyaya məcbur edə və onu fəth edə bilməyəcək. Əksinə, o, Ukraynanı daha da vətənpərvər və müqavimətdə daha qətiyyətli edir. Putin bunu anlamalıdır”, – Boris Conson bildirib.
Bizim.Media


































































































