Ümid Partiyası Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun 24 oktyabr bəyanatına münasibət bildirib. Bu gün Avropa Parlamentinin prezidentinə müraciət edən Elxan Süleymanov qurumu 9 oktyabr prezident seçkisinə qərəzli münasibətdə ittiham edib. O, Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını deyib.
Ümid Partiyası hesab edir ki, Azərbaycanın Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırması yolverilməzdir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ciddi zərbədir, müstəqilliyi və suverenliyi təhdidlər, təhlükələr qarşısında qoymaqdır: “Əksinə, Azərbaycan hökuməti oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin tövsiyələrini, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməli, Şərq tərəfdaşlığı ilə bağlı siyasəti konkretləşdirməli, bu ilin noyabr ayının 25-26-da Vilnüs şəhərində keçiriləcək növbəti Şərq tərəfdaşlığı sammitində Avropa Birliyi ilə assosiativ üzvlük haqqında saziş imzalamalıdır.
Nəzərə almaq lazımdır ki, son sessiyada Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ilk dəfə olaraq işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, habelə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu qeyd edilib.
Ümid Partiyası Azərbaycan hakimiyyətini Avro-Atlantik məkana inteqrasiya siyasətini davam etdirməyə və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə, dövlətin milli maraqlarını nəzərə alaraq bu istiqamətdə qətiyyətli mövqe tutmağa çağırır”.



































































































