II ixtisas qrupu üzrə ölkə birincisi: “ADA Universitetində təhsil almaq istəyirəm”

Hazırda oxunan: II ixtisas qrupu üzrə ölkə birincisi: “ADA Universitetində təhsil almaq istəyirəm”

619994

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında II ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin məzunu Banuçiçək Rüstəmli göstərib. O, qəbul imtahanının birinci mərhələsində 291.9 bal toplayıb. Buraxılış və qəbul imtahanlarının nəticələrinin cəminə əsasən 688.9 bal toplayan abituriyent II ixtisas qrupu üzrə ölkə birincisi olub.

Bizim.Media-nın məlumatına görə, təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Banuçiçək Rüstəmli bildirib ki, qəbul imtahanlarına hazırlığa IX sinifdən başlayıb və gələcək ixtisas seçimini erkən müəyyənləşdirib:

“IX sinifdən hazırlaşmağa başladım. Həmin vaxt hansı istiqamətdə təhsil almaq istədiyimə qərar vermişdim. Bu yolda ailəmin və müəllimlərimin dəstəyi mənim üçün çox vacib oldu. Onların inamı və motivasiyası məqsədimə çatmağımda böyük rol oynadı”.

Abituriyent hazırlıq dövründə ən çox coğrafiya fənnində çətinlik çəkdiyini deyib:

“Ən çox çalışdığım, eyni zamanda, ən çox narahat olduğum fənn coğrafiya idi. Maksimum nəticədən yarım bal geri qalmağım da məhz bu fənlə bağlı oldu. Buna baxmayaraq, əzmlə çalışaraq yüksək nəticə əldə edə bildim”.

Gələcək planlarından danışan Banuçiçək ali təhsilini maliyyə sahəsində davam etdirmək niyyətində olduğunu vurğulayıb:

“ADA Universitetində maliyyə ixtisası üzrə təhsil almağı arzulayıram. Gələcəkdə Azərbaycanda qalaraq ölkəmin inkişafına töhfə vermək istəyirəm. Magistratura təhsilimi isə xaricdə davam etdirməyi düşünürəm”.

O hesab edir ki, uğur qazanmağın əsas şərtləri məqsədi düzgün müəyyənləşdirmək, vaxtı səmərəli planlaşdırmaq və qarşıya qoyulan hədəfə doğru inamla irəliləməkdir.

Qeyd edək ki, Banuçiçək Rüstəmli məktəb illərində müxtəlif bilik yarışlarında iştirak edib. O, xüsusilə riyaziyyat fənni üzrə olimpiadalarda uğur qazanaraq yarımfinal mərhələsinə qədər yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin