Yeni alınan avtomobil şinlərinin üzərindəki qırmızı, sarı, mavi və ya yaşıl rəngli xətlər əksər sürücülərin diqqətini çəkir. Bəs bu xətlər nəyi ifadə edir? Əksər sürücülərin düşündüyünün əksinə, bu işarələr şinin keyfiyyəti və ya performansı ilə bağlı deyil.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bu rəngli işarələr istehsal prosesində və logistika mərhələsində böyük əhəmiyyət daşıyır.
Şinlər anbarlarda üst-üstə yığıldıqda, onların yan tərəfindəki yazıları oxumaq çətin olur. Lakin şinin üst hissəsindəki rəngli xətlər sayəsində anbar işçiləri minlərlə məhsul arasından lazımi model və ölçüdə olan şini dərhal müəyyən edə bilirlər.
Hər istehsalçının öz "dili" var
Şinlərin üzərindəki xətlər üçün dünya üzrə vahid bir standart mövcud deyil. Hər bir istehsalçı şirkət öz daxili sisteminə uyğun olaraq müxtəlif rəng kombinasiyalarından istifadə edir.
Buna görə də, bir markada qırmızı xətt müəyyən bir modeli ifadə edirsə, başqa bir markada tamamilə fərqli bir məna daşıya bilər. Hətta eyni modelin fərqli istehsal tarixlərində müxtəlif rənglərlə işarələnməsi də mümkündür.
Ekspertlər bildirir ki, avtomobil sahibləri bu xətlərə baxaraq şinin texniki xüsusiyyətləri barədə özbaşına nəticə çıxarmamalıdır. Yeni şinlərdə çox aydın görünən bu rənglər, avtomobil yola çıxdıqdan sonra asfaltla təmas nəticəsində qısa müddətdə silinib gedir.
Bəs bəzi şinlərdəki sarı və qırmızı nöqtələr nədir?
Şinlərin üzərində bəzən rast gəlinən sarı və ya qırmızı nöqtələr isə rəngli xətlərdən fərqli bir funksiya daşıyır. Bu nöqtələr şinin balans ayarı zamanı diskin ən uyğun nöqtəsi ilə hizalanmasına kömək edir. Bu sayədə yolda sürmə zamanı yaranan vibrasiya minimuma endirilir və daha rahat gediş təmin olunur. (Mənbə: milli.az)
Bizim.Media



































































































