Krımda Rusiya ilə birləşməkdən məmnun deyillər

Hazırda oxunan: Krımda Rusiya ilə birləşməkdən məmnun deyillər

49253

Krım Tatar Məclisinin sədri Refat Çubarov Azərbaycanda bir günlük səfərdə oldu. Bakıya gələcəyindən bir gün öncə xəbər tutsaq da, səfər qrafiki çox sıx olduğundan dəyərli qonaqla söhbətimiz yalnız Vətənə - Krıma dönməyinə bir neçə saat qalmış, gecəyarısı baş tutdu. Rusiya işğalı altında yaşayan 300 minlik Krım türklərinin ağrı-acısını köksündə daşıyan Rüfət bəyin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik: 


- Rüfat bəy, Azərbaycana gəlişinizin səbəbi nə idi? Qısamüddətli səfəri zəruri edən məqsəd barədə nə deyə bilərsiniz? 

- Bakıda keçirilən ATƏT Parlament Assambleyasının toplantısına dəvət olunmuşdum və orda iştirak etdim.  Gündəlikdəki məsələlər sırasında Ukraynadakı durum da var idi. Müzakirələrdən sonra Ukraynanı dəstəkləyən dövlətlərin təmsilçiləri tərəfindən bir qətnamə də qəbul edildi. Rusiyanın Krımı zəbt etməsi bir daha çoxluğun iradəsi ilə təsdiqləndi və bu, ilhaq, işğal olaraq açıqlandı. Sənədin lehinə səs verənlərin Ukraynanın parçalanmasına qarşı çıxması çox önəmli idi. Mən ATƏT PA-nın üzvü deyiləm. Amma Ukrayna ombudsmanı xanım Lutkovskayanı, Krım Tatar Milli Məclis sədrini də dəvət etmişdilər. Mən Krımdakı insan haqlarının durumunu açıqladım, suallar oldu.
 
- Rusiyanın yaratdığı əngəllərə rəğmən Bakıya gəlişiniz çətin olmadı ki? 

- Mən Bakıya Simferopol-Moskva-Kiyev-Bakı marşrutu ilə gəldim. Allaha şükür ki, gələndə problem yaratmadılar. Amma vəziyyət elədir ki, bundan sonrasını bilmək olmaz. 

- Krımda hazırkı durum necədir? Şəxsinizə qarşı təhlükə varmı? 

- Oradakı bütün proses beynəlxalq qanunlara qarşıdır. Nədən danışsaq da onu anlamaq lazımdır ki, gerçək bir problem var. O problem çözülmədikcə digər məsələlərin yaxşı, ya pis həlli o qədər də önəm kəsb etməyəcək. Digər problemlər ən önəmli problemin - Krımın ilhaqının davamıdır. Krımda de-fakto bütün idarəçilik Rusiya iqtidarına məxsusdur. Rusiya öz qanunlarını ora gətirdi, yeni qanunlar qəbul edirlər. Amma de-yure Krım Ukraynanın bir hissəsidir. 

“Hələlik rus pasportu almağa hazır deyiləm” 


- Krımda hazırda nə qədər əhali yaşayır və burada türk toplumun sayı nə qədərdir? 

- Krım yarımadasının əhalisi 2 milyon 400 minə yaxındır, Sevastopolda isə 350 min əhali yaşayır. Krım türklərinin ümumi sayı 300 min civarındadır. 

- Proseslər türk əhalinin assimilyasiyasına aparıb çıxara bilərmi?  

- Krım tatarları 45 il sürgündə olublar. Özbəkistanda, Rusiyada sürgün həyatı yaşadıqları illərdə Krım tatarlarının nə məktəbləri, nə televiziya-radiosu olub. Bu mənada Krım tatarları dil tərəfdən assimilyasiyaya məruz qalıb. Yeni nəsillər ana dillərini ailədə öyrəniblər. Vətənə döndüyümüz zaman məktəblərimizi qurmağa başladıq. Sıfırdan olsa da, dilimizi, dinimizi, adətlərimizi qorumaq üçün az işlər görülməyib. 20 il əvvələ baxanda dilimiz indi-indi inkişafdadır. Bu da var ki, Krım tatarları məsələsi Rusiya üçün ikinci-üçüncü dərəcəli məsələdir. 

- Krım parlamentinin durumu haqda nə deyə bilərsiniz? 

- Keçmiş Krım Muxtar Cümhuriyyəti parlamentinin yuxarı şurasında 100 millət vəkili var idi, onların 5-i Krım tatarlarından idi. Sentyabr ayında yeni seçkilər olacaq. Yeni qanunlara görə, orda bizim təmsilçiliyimiz əsla mümkün olmayacaq. Çünki qanunlar bunu qadağan edəcək. Ona görə də Krım Tatarlarının Milli Məclisin qərarı ilə Krım tatarları bu seçkilərdə iştirak etməyəcək.  

- Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun öz vətəninə buraxılmaması yerli əhali arasında necə qarşılanır? 

- Biz hamımız buna qarşıyıq. Bu, çox böyük ədalətsizlikdir. Çünki bütün ömrünü öz millətini vətəninə qaytarmaq üçün həsr edən, sovet dövründə 15 il zindanlarda, lagerlərdə cəza çəkən insanı, dünyaca avtoritetli liderimizin Krıma buraxılmaması insan haqlarına da zidd addımdır. BMT, ATƏT, Avropa Birliyi tərəfindən bu məsələyə münasibət bildirilib. Amma Rusiya bu məsələdə çox kəskin mövqedədir. Bu da Rusiyanın Krım tatarları ilə bağlı siyasətini göstərir. 

- Azərbaycanda bizim bilmədiyimiz hansı görüşləriniz oldu? Rəsmilərdən kimlərlə bir araya gəldiniz? 

- Mən Bakıda çox az oldum - sadəcə 1 gün. Burdakı vəzifəli şəxslərlə görüşlərim olmadı. Dostlarımla görüşdüm. İsa Qəmbərlə görüşdüm, uzun zamandan bəri çox yaxın dostumdur. Azərbaycan dövlətinin rəsmiləri, parlamentarları, digər partiyalarla əlaqə qurmaq niyyətimiz var. Çünki millətimiz bir-birinə dil, din, tarix baxımından çox yaxındır, qardaşıq. Ancaq rəsmilərlə görüşümüz olmadı. Çünki planlarımda yox idi, lakin gələcəkdə bunları da planlaşdırırıq. Biz nə qədər ağır bir durumda olsaq da, başqalarına da ağırlıq və başağrısı gətirmək istəmirik. Azərbaycanda son dəfə 2007-ci ildə olmuşdum. İmkan çərçivəsində gecə Bakını maşının pəncərəsindən seyr edə bildim, çox inkişaf etmiş paytaxt olub. Azərbaycanın potensialı çox böyükdür. Amma bizim istəklərimiz Azərbaycan dövlətinə, digərlərinə rahatsızlıq gətirməməsini də düşünürük.

- Necə bilirsiniz, Qarabağ Krımın taleyini yaşaya bilərmi? 

Rüfət Çubarov: “Nə qədər ağır bir durumda olsaq da başqalarına da ağırlıq və başağrısı gətirmək istəmirik”   


- Ukrayna-Rusiya məsələsi ilə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyindən məmnunuq. Çünki Azərbaycan dövləti beynəlxalq qanunlara əsaslanır və bu ilhaqı qəbul etmir. Mən ATƏT PA-nın toplantısında da mövqeyimi bəyan etdim. Beynəlxalq səviyyədə ədalətsizlikləri yox etmək gərəkdir. Çünki əraziləri zəbt edilən dövlətlərin sırası artmamalıdır. Dağlıq Qarabağdan sonra Baltikyanı, daha sonra Gürcüstan torpaqları, indi də Krım işğal olundu. Bu proses dayandırılmasa, başqa dövlətlərin də başına bu faciələr gələ bilər. Ədalətsizliklər dayandırılsa, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına yollar açıla bilər. 

- Mustafa Cəmilov Azərbaycan prezidentindən kömək istəmişdi. Sizin Bakıdan istəyiniz nədir? 

- Mənim bu müraciətin incəliklərindən bilgim yoxdur. Amma bizlər mart-aprel ayında bütün türk dövlətlərinə və prezidentlərinə öz mövqeyimizi açıqlamışdıq, onların da mövqeyini gözləyirdik. Ancaq dediyim kimi Azərbaycan dövlətinin rəsmi mövqeyi bizi qane edir, bundan məmnunuq. Amma yaxşılığın sonu olmaz. Əlaqələrimizi möhkəmləndirsək, daha da yaxşı olar. 

- Ukraynada savaş gərgin mərhələyə adlayıb. Bu hadisələr, sizcə, haradək davam edə bilər?

- Ukrayna prezidenti Poroşenko savaşı dayandırmaq üçün düşünülmüş addım atdı, barış elan etdi, gözlədilər. Ancaq təəssüf ki, qarşı tərəf barışı qəbul etmədi və silahlar susmadı, təxribat nəticəsində 27 əsgər öldürüldü, mülki şəxslər qətlə yetirildi. Poroşenko məcbur olub antiterror əməliyyatlara davam etdi. Anlaşılan budur ki, yaxın həftələr içində çox ciddi proseslər ola bilər. Proqnoz vermək çox çətindir, çünki Rusiyanın mövqeyinə bağlı məsələdir. Putin də təhlükəsizlik qurumlarının iştirakı ilə bir toplantı keçirib və yəqin ki, bir şeylər hazırlayır. Rusiya sərhədi keçməsə, sərhəd qapadılsa, məncə, 2-3 həftəyə Ukraynadakı proseslər bitəcək. Rusiyanın yardımı kəsilsə, ordakı terrorçular çox dayana bilməyəcək. 

- Bəs Ukrayna Krımı geri qaytara biləcəkmi? 

- Məncə, burda məsələ Ukraynaya yox, xalqlara, beynəlxalq siyasətə daha çox bağlıdır. Çünki əgər indi Krımdakı dəyişikliyi Avropa, ya Amerika qəbul etsə, o zaman İkinci Dünya savaşından sonra qəbul edilən bütün prinsiplər yox olacaq. Ən önəmli məsələ odur ki, dünya dövlətləri vahid prinsipləri əsas tutacaq, ya yox. Əgər prinsiplər əsas tutulsa, o zaman bütün bu ədalətsizliklər dayandırılar və hər şey öz yerinə gələr. 

- Rusiya Krımı ilhaq edəndən sonra ordakı əhalinin sosial vəziyyətində hansısa dəyişikliklər olubmu? 

- Orda yaşayan hər bir insanın - istər rus, ukrayna, Krım tatarı, yaxud başqası, yaxud Rusiyanı dəstəkləyən olsun - həyatında yüzlərlə yeni problemlər yaranıb. Bəzi problemlər insanları çox ağır durumla üzləşdirib. Çünki ora yarımadadır. Sərhədlər qapalı, ora nə yatırımlar var, nə dünya tanıyır, turistlərin də sayı azalıb. Yaz başlayandan orda yüz minlərlə insan turistlərə xidmət edib qazanırdı. İndi o qazancdan məhrumdurlar. Bundan başqa, yeni qanunlar Ukrayna qanunlarından çox fərqlidir. Rusiya qanunları insanlara çox az fürsət verir, buna alışmaq çətindir. Rusiyaya sığınan insanlar düşünmədilər ki, onların uşaqları Krımda deyil, böyük Rusiya ordusunda xidmət keçəcəklər. Ukrayna ordusuna 18 yaşı tamam olan gəncləri götürmürdülər, orda müqaviləli sistemə keçilmişdi. Həmçinin vətəndaşlıq, xaricə getmək, nəqliyyat məsələsi indi xeyli çətinləşib. Yarım il əvvəl mən Simferopolda uçağa minib Bakıya gələ bilirdim. İndi isə Simferopol-Moskva-Kiyev-Bakı marşrutu ilə gəldim, yəni məsrəflər çox ağırlaşıb. Məncə, Rusiya ilə birləşməkdən yüzdə-yüz məmnun olan insanların sayı xeyli azalıb.

“Ukrayna-Rusiya məsələsində Azərbaycan dövlətinin rəsmi mövqeyindən məmnunuq” 


- Maaş və pensiyalarda necə, irəliyə doğru dəyişiklik varmı?   
   
- Dövlət qulluqçularının maaşı artıb. Prokurorluq, daxili işlər, hakimlərin əmək haqqı daha çox artıb. Amma onlar da məmnun deyillər, çünki faizlər 3-4 dəfə qalxıb. Bəzi qiymətlər isə 7-8 dəfə artıb, məsələn, dərmanlar. Deyərdim ki, biz indi sovet zamanına qayıtmışıq. Allah göstərməsin, dükanlarda aclıq yoxdur. Ancaq qiymətlər artıb və məhsul çeşidi, insanların seçim imkanı məhdudlaşıb.  

- Məhsullar əsasən Rusiyadan gəlir yəqin?

- Bəli. Amma insanlar bundan da məmnun deyil. Çünki qiymətlər bahadır və Ukraynadakı qida məhsulları daha keyfiyyətli idi. Çünki Ukrayna yeni standartlara çoxdan keçmişdi. Bu mənada Rusiyadan gələnlərə alışa bilmirlər.

- Bizdə olan məlumata görə, sizə də məcburən Rusiya pasportu vermək istəyirlər... 
- Yox, məcburən deyil. Amma nə edəcəyimi gözləyirlər. Çünki pasportsuz bəzi sərhədlər qoya, bəzi problemlər ortaya çıxara bilərlər. Mənsə hələlik rus pasportu almağa hazır deyiləm. 

- Geri dönərkən Bakıdakı tədbirdə iştirakınız və çıxışınıza görə sizə problem yarada bilərlərmi? 

- Onu Allah bilir. Onların qafalarının içində nə olmasını bilmirəm . Əlbəttə, mənim çalışmalarımdan məmnun deyillər. Ancaq inşallah, bu dəfə də Krıma gedə bilərəm. 

- Ailə üzvləriniz də ordadır? 

- Mənim 3 qızım var. Üçüncü qızım orta məktəbi bitirdi, ali məktəbə qəbul olacaq. Uşaqlarım, anam, qardaşlarım, bütün yaxınlarım Kiyevdə yaşayır. Çünki Ukrayna parlamentinin üzvü olaraq bütün vaxtım Kiyevdə keçirdi. Ancaq Krımda da olurdum. 2007-ci ildən isə davamlı şəkildə Krımdayam. İndi onlar de-yure Krım parlamentinin üzvü kimi tanıyırlar. Amma mən heç bir toplantıya qatılmadım. 

- Rusiya Azərbaycanın da Avrasiya İttifaqında olmasını istəyir. Necə bilirsiniz, Putin bunun qarşılığında Qarabağın Azərbaycana qaytarılmasına razılaşarmı?  

- Məsələn, Ukrayna açıq şəkildə de-yure Qarabağı Azərbaycanın sərhədləri daxilində tanıyır. Biz Azərbaycanın parçalandığını qəbul etmirik. O zaman digər dövlətlər də eyni mövqedə olsa, bu birliklərin faydası olar. Amma məni hansısa birliyə dəvət etdiyi halda o birliyin problemləri qəbul olunmursa, o halda belə birliklərə nə ehtiyac var? Digər tərəfdən, Rusiya Qarabağı qaytarmalı olsa, gərək Qafqazda bütün siyasətini dəyişsin. Rusiyanın seçim qarşısında qalsa, bu ölkələrdən hansına üstünlük verəcəyini siz daha yaxşı bilirsiniz. Moskva ilk gündən Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli mövqe göstərsəydi, Qarabağ bu gün Azərbaycanın tərkibində olardı. 

Elşad PAŞASOY 
Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin