İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Moderator.az-ın suallarını cavablandırır:
-Əli bəy, Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tiflis sammitini necə dəyərləndirirsiniz?
-Prezidentlərin Tiflis zirvə görüşünü- bu üç ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsinə keçmək istiqamətində səylərin artırılması,yaşadığımız regionda “Azərbaycan, Türkiyə,Gürcüstan strateji üçbucağın” yaradılmasına başlanılması kimi dəyərləndirirəm.Bu əməkdaşlıq regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadı, indi də həm Avropanın enerji təhlükəsizliyinə yönəlik zəruri layıhələr üzərində işlənilir, həm də siyasi, iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə əməkdaşlıq hər üç ölkənin xalqlarının maraqlarına uyğun istiqamətdə genişlənir və dərinləşir.
-Sizin dediyiniz həmin “Azərbaycan, Türkiyə,Gürcüstan strateji üçbucağı” Rusiya tərəfindən təpki ilə qarşılanmazmı?
-Doğrudur,strateji məsələlərdə iri dövlətlərin maraqlarının nəzərə alınması bir prinsip kimi üzdə olan məsələdir.Amma hər şeydən əvvəl onu nəzərə almaq lazım ki, “Azərbaycan, Türkiyə,Gürcüstan strateji üçbucağı” heç kimə qarşı formalaşmır, regionda sülh, əmin-amanlıq, tərəqqi və rifaha xidmət edir.Bu strateji üçbucaq digər ölkələr üçün də nümunə ola biləcək çox perspektivli əməkdaşlıq formatıdır.Bir-birinin süveren hüquqlarına hörmət və qarşılıqlı faydalılıq prinsipi əsasında fəaliyyət göstərən bu birlik beynəlxalq əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini reallığa çevirmişdir. “Azərbaycan, Türkiyə,Gürcüstan strateji üçbucağı” "Şahdəniz-2" layihəsinin reallaşması və Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən ciddi problemi olan enerji təhlükəsizliyinə də öz töhfəsini verəcəkdir. Bax, bu məqam sizin dediyiniz ölkə ilə maraqların toqquşmasına səbəb ola bilər....
-Azərbaycan, Türkiyə,Gürcüstanın sıx yaxınlaşmasını həm də bu ölkələrin Ukrayna böhranından nəticə çıxarmaları kimi də yozmaq olarmı?
- Azərbaycan, Türkiyə,Gürcüstan həmişə yaxın münasibətlərdə olub.Eyni zamanda dünya düzənində baş verən son gəlişmələr bu ölkələrin daha da yaxın olmalarını, fikirdə, sözdə və işdə bir-birlərini daha çox dəstəkləmələrini, qlobal və regional proseslərin real təhlükə və çağırışlarını nəzərə alaraq fəaliyyətlərinin əlaqələndirilməsini diqtə edir.
-Ukrayna hadisələri bizim regiona necə təsir edir?
-Ukrayna hadisələri təbii ki,bir neçə yöndə Azərbaycana və Azərbaycanın da yerləşdiyi regiona təsir edir.Rusiya MDB-də,Ukrayna isə GUAM-da Azərbaycanın ən iri ticarət və iqtisadi tərəfdaşıdır.Ötən il Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2,6 milyard dollar, Ukrayna ilə isə 1 milyard dolların altında olmuşdur.Bu konflikt, həmin ölkələrin qarşıdurması ticarət-iqtisadi əlaqələrə təsir göstərəcək, bu isə bütün MDB ölkələrinə, o cümlədən Azərbaycanda da özünü göstərəcəkdir.Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard dollar, Gürcüstanla 700 milyon dollara yaxındır.Yəqin bu sahədə problem yaşanmayacaq, həmin rəqəmlər artmaqda davam edəcək.İkincisi, Qərbin enerjidaşıyıcıları cəhətdən Rusiyadan asılılığını azaltmaq istiqamətində atdığı addımlar, eləcə də Rusiyaya tətbiq etdiyi sanksiyalar təbii surətdə Azərbaycanın önəmini artırır. Bununa belə Qərbin Rusiyadan qaz asılılığını azaltmaq üçün Azərbaycana böyük ümidlər bəsləməsi, bir tətəfdən qlobal və regional miqyaslarda Azərbaycanın önəmini artırsa da, digər tərəfdən,Azərbaycana yönəlik riskləri də artırır..... Rusiya Azərbaycan qazının Avropa bazarlarına çıxarılması məsələsini həzm edə bilmir.Ona görə də çox böyük ehtimalla, həmin planın tam gücü ilə reallaşmasına, daha çox isə Türkmənistan qazının Azərbaycan üzərindən Qərb bazarlarına çıxarılması layıhələrinə qarşı maneələr yaratmağa çalışacaq. Bundan əlavə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyaya tədricən mənfi təsir göstərəcəksə, neftin qiyməti istənilən an aşağı düşə bilər ki, bu da Azərbaycanın neft gəlirlərini, büdcə gəlirlərini aşağı sala bilər.Azərbaycandan Rusiyaya işlləməyə gedən həmvətənlərimiz öz ailələrinə yüz milyonlarla dollar pul göndərirlər.Rusiyada vəziyyətn pisləşməsi həmin adamların qazanclarına mənfi təsir edib, onların Azərbaycandakı ailələrinə göndərdikləri pul vəsaitlərinin azalmasına, gecikməsinə səbəb ola bilər.
-Yeri gəlmişkən, son vaxtlar belə fikirlər səslənir ki, Krım böhranı Qarabağ probleminin həlli üçün əlverişli şərait yaradıb. Bununa paralel belə fikirlərə də rast gəlmək olur ki, rus qoşunlarının Azərbaycana gəlişini təmin etməklə, qazımızın ixtiyarını Rusiyaya vermək və digər bu kimi güzəştlərə getməklə Qarabağ problemini bizim xeyrimizə həll etmək olar....
-Əslində həmin fikirlər yeni deyil. Azərbaycan müstəqillik yoluna çıxdıqdan sonra, Rusiya zaman-zaman Azərbaycan qarşısında bu cür tələblər irəli sürmüşdür.İstənilən variantda Rusiyanın Qarabağı qaytarmaq barədə öz üzərinə öhdəlik götürmək şərtilə hərbi bazalarının Azərbaycanda yerləşdirlməsi və enerji daşıyıcılarının nəzarətinin ona verilməsi bütövlükdə Azərbaycanın müstəqilliyinə təhdid baxımından qəbuledilməz məsələdi. Çünki əvvəla, Rusiya imperiyadır və imperiyalar yalnız dağılanda, öz məhvini real surətdə görəndə zorən öz üzərinə öhdəlik götürür, qalan vaxtlarda isə imperiya öhdəlik götürməz, çünki müxtəlif təzyiq yolları ilə özündən zəiflər üzərinə öhdəlik qoymaqla məşğul olur.Qarabağla bağlı hətta deyilən şəkildə müqavilə belə bağlansa,Rusiyanın Litva ilə bağladığı müqaviləyə münasibət bir daha göstərir ki, bu sənəd Rusiya üçün kağız parçasından başqa bir şey ola bilməz.İkincisi, Rusiya məhz Azərbaycandan belə güzəştləri almağın mümkünsüz olduğunu, Azərbaycana həzm etdirə bilməyəcəyini hiss edəndən sonar buna başqa yolla-Azərbaycanı Gömrük İttifaqına sürükləmək istəyir.Digər tərəfdən isə Rusiyanın Azərbaycana hücum edəcəyi xofunu yaratmaqla ölkə içərisində kapitulyasıya əhval-ruhiyyəsi yaratmaq yolverilməzdir və belə ideyalara güclü təpki göstərilməlidir.
-Ukrayna böhranın sonunu və Azərbaycana təsirini necə təsəvvür edirsiniz?
-Təpkilər olacaq, bəzən çox şiddətli də ola bilər, amma bu işlərin sonu bizimçün yaxşı olacaq.....
-Belə əminlik sizdə hardandı?
- Elmi yanaşma və hesablamaların məntiqindən....Siyasətin çoxsaylı tərifləri olsa da ən işlək tərifə görə siyasət-iqtisadiyyatın təmərküzləşmiş formasıdır. Qarşı-qarşıya duran qüvvələrdən biri-ABŞ-la Avropa İttifaqi birlikdə dünya ÜDM-nin 40 faizə yaxının, Rusiya isə cəmi 3 faizini istehsal edir.Başqa sözlə desək, Rusiyanın ÜDM-i kəllə-kəlləyə gəlmək istədiyi ABŞ- Avropq İttifaqı tandeminin ÜDM-dən 13 dəfə az olmaqla, heç 8 faizinə belə çatmır.Öna görə də silah və qaba güc hesabına müvəqqəti üstünlük qazanmaq olsa da, qarşıdurma prosesi uzandıqca Rusiya tükənəcək və ram olmağa məcbur olacaq....
-Onda Rusiyaya münasibətdə nələri daha çox nəzərə almaq lazım?
-Azərbaycan- Rusiyaya münasibətlərində müstəqilliyimiz əsas meyar götürülməlidir. Digər tərəfdən, kimin istəyib-istəməməsindən asılı olmayaraq o da faktdır ki, Rusiya bizim qonşumuzdur, orada milyonlarla azərbaycanlı yaşayır və bir hissəsi artıq Rusiya vətəndaşıdır, o biri hissəsi isə həm Rusiyanın iqtisadiyyatının ayaqda qalmasına öz töhfəsini verir, həm də hələ də qazandığı pulun bir hissəsini Azərbaycandakı ailəsinə göndərir.Ona görə də Rusiyaya münasibətdə Azərbaycan qarşılıqlı faydalılıq, bir-bnirinin süveren hüquqlarına hörmət etməklə, siyasi, iqtisadi, elmi-texniki, mədəni, humanitar əlaqələri nə qədər mümkünsə, o qədər geniş şəkildə inkişaf etdirməlidir.
- Bəs Qərbə münasibətdə?
-Qərbə münasibətdə isə unutmaq olmaz ki, dünyada ABŞ faktoru olmasa, Rusiya Azərbaycan qarışıq, bütün postsovet ölkələrinin başına daha nə oyunlar aça bilərdi....Həm də yeni müstəqil dövlətlərin mövcudluğunda və müstəqilliklərini müxtəlif dərəcələrdə də olsa, saxlaya bilmələrində ABŞ amilinin rolu sonacan və kompleks şəkildə nəzərə alınmalıdır... Ona görə də Azərbaycana münasibətdə Qərbin amilinə obyektiv yanaşılmsı daha faydalı olar....yəni yanlış addımların deyilməsində bir problem görməsəm də, antiQərb ritorikası və kampaniyası arzuolunmazdır və zamanı yetişəndə həm də ziyanlı ola da bilər....





































































































