Sərdar Cəlaloğlu: “Baxın görün Milli Şura cınqırını çıxarırmı?”

Hazırda oxunan: Sərdar Cəlaloğlu: “Baxın görün Milli Şura cınqırını çıxarırmı?”

45641

ADP sədri Sərdar Cəlaloğlu gündəmin aktual mövzularıyla bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb.

-Milli Şuranın son günlər aktuallaşan Rusiya təhlükəsinə bir qədər ehtiyatlı yanaşması cəmiyyətdə birmənalı qarşılanmır...

-Görünən odur ki, artıq istiqlalçı və demokratik qüvvələrin özündə də deqradasiya prosesi gedir. Unutmaq olmaz ki, bu gün keçmiş SSRİ məkanında çox təhlükəli və proqnozlaşdırılması mümkünsüz proseslər baş verir. Belə bir vaxtda istiqlalçı və demokratik qüvvələr daha kəskin və net şəkildə öz mövqelərini ortaya qoymalıdırlar. Tutaq ki, iqtidarın nədən balanslaşdırılmış siyasət apardığını və hansı səbəblərdən siyasi konyuktura etməyə məcbur olduğunu bilirik. Ona görə də bəzi məqamlarda dövlətçilik maraqlarını və real təhlükəni nəzərə alıb diplomatik dillə davranış sərgiləndiyini anlamaq olar. Amma Azərbaycan müxalifəti rəsmi hakimiyyəti təmsil etmir. Ona görə də müxalifətin hakimiyyət kimi diplomatik tonda davranış sərgiləməsini anlamaq mümkün deyil. Ən kiçik sosial problemlərə görə insanları küçələrə səsləyən qüvvələr bu cür təhlükəli çağırışlara reaksiya bildirmədilər. Georgiyev lentinin paylanılması Rusiyanın özündə belə çox ciddi etirazla qarşılanıb və Rusiya ziyalıları bunu Putinin imperiya ambisiyası olduğunu, bu dövləti məhvə aparacağını bəyan edirlər. Yaxud Azərbaycanın hansısa bölgəsində hətta məhdud sayda insanlara da olsa rus pasportlarının paylanılması cəhdi və ya bunu dövriyyəyə buraxaraq cəmiyyətin mövqeyni test etmək təşəbbüsləri olduqca təhlükəlidir və demokratik düşərgə buna ən sərt şəkildə reaksiya bildirməliydi. Yaxud Qüdrət bəyin son açıqlaması-bu da olduqca təhlükəlidir və milli demokratik qüvvələrin dərhal etirazını bildirməsiylə nəticələnməliydi. Amma baş verənlər onu göstərir ki, ya demokratik düşərgə hələ də təhlükənin yaxınlaşdığını anlamaqda çətinlik çəkir, ya da bilərəkdən bu cür gözləmə mövqeyi sərgiləyirlər ki, Rusiya ilə münasibətləri pozulmasın. Necə ki, seçkilərdən əvvəl Mili Şura məhz Rusiyanın dəstəyi ilə hakimiyyətin dəyişdirilməsi ssenarisinə razılaşmışdı.

-Milli Şuradan söz düşmüşkən, bu qurumda yeni istefa küləkləri əsməyə başlayıb...

-Küləklər əsməsəydi neynəyəcəkdilər ki? Artıq bir şeyi hamı bilməlidir ki, müasir dünyada hakimiyyət dəyişiklikləri yalnız iç güclərin münasibətləriylə müəyyən olunmur. Bu gün dünyada hakimiyyət dəyişilmələrinin 3 aktoru var-hakimiyyət, müxalifət və beynəlxalq arbitrlər. Məsələn, biz görürük ki, Suriyada iqtidarın da əlində silah var, müxalifətin də. Amma kimsə qalib gələ bilmir.Çünki hələ üçüncü tərəf öz qəti mövqeyini ortaya qoya bilməyib.

-Ən azından Milli Şuranın güclü olması ölkədəki repressiyaların qarşısını müəyyən mənada ala bilərdi. Yəni hakimiyyət nədənsə çəkinərdi, indiki kimi saymazyana davranmazdı...

-Bu gün Milli Şuranın öz mövcudluğunu saxlaması əslində bəzi qüvvələrin maraqlarına xidmət edir. Yəni ölkədə illər uzunu müxalifətin arasına nifaq salınaraq bir-birini qırmaq siyasəti aparılıb. İndi də Milli Şura ilə Müsavat arasında düşmənçilik toxumu səpilir ki, mövqelər heç vaxt yaxınlaşmasın, əksinə, ziddiyyətlər daha da kəskinləşsin. Şəxsən mən Milli Şuranın bu vəziyyətə düşməsinə acıyıram, amma onu da bilirəm ki, bu qurum millətə və dövlətçiliyə nəsə vermək iqtidarında deyil. Çünki bir işin ki, bünövrəsi, təməli düzgün qurulmaya, onun sonunun necə olacağını görmək çətinlik törətmir. Baxın, bu gün milli müstəqilliyimizə və suverenliyimizə real təhlükə var, amma Milli Şura cınqırını çıxarmır. Bir qurum yaradıb adını “Milli” qoymaqla deyil ki? Gərək bu millilik sözdə deyil, əməldə ola.

-Müsavatın qurultayının ADP-də keçirilməsi üçün etdiyiniz təklifə dodaq büzdülər.

-Dostlarımız məsələni qarışdırır və biz də gerçəkdən səmimi olaraq bir təklif səsləndirəndə qeyri-adekvat cavab eşidirik. Əgər Müsavata qurultay keçirmək doğrudan da vacibdirsə, mövcud şərtlərə uyğun addımlar atıla bilər.Tarixdə çoxsaylı nümaunələr olub. Kommunist Partiyasının ilk qurultayı 9 nəfərin iştirakıyla  keçirilib, özü də xaricdə. Hansı ki, dağılanda onun formal da olsa 17 milyon üzvü vardı. Adama sual edərlər ki, niyə 9 nəfərlə keçirdilər? Çünki qurultay ölkədən xaricdə keçirilirdi, hamının xaricə çıxmasına imkan yox idi, çar xəfiyyələri hamını təqib edirdi. Ona görə də 9 nəfər yığışıb Kommunist Partiyasını təsis etdilər. Əslində mənə qalsa heç hakimiyyətdən yer istəmək də doğru deyil. Onu bir çöllükdə keçirmək daha doğru olardı, nəinki hakimiyyətdən münasib yer ummaq. İndiki halda açığı, mən Müsavat Partiyasının davranışından belə başa düşürəm ki, əsas məsələ qurultay keçirmək deyil, bununla partiyanın gücünü rəqiblərinə və hakimiyyətə nümayiş etdirməkdir.

-Bu günlərdə Müsavatın mitinq keçirmək qərarı verib sonradan onu təxirə salınmasına şərh vermişdiniz ki, onlar quş qoymaq xatirinə belə qərar vermişdilər...

-Axı siz bunun əksini sübut edə bilərsinizmi? Əgər adam bir qərasr verirsə, az sonra qərarı asanlıqla təxirə salırsa, qeyri-ciddilik yaranır. Adama deyərlər ki, sən bu qərarı verəndə hansı məsuliyyətin altına girdiyini hesablamamışdınmı? Hesablamışdınsa niyə özünü məsxərə predmetinə çevirirsən?  

-Onda belə çıxır ki, mövcud şərtlər daxilində müxalifətin mitinq keçirmək şansı yoxdur.

-Əksinə, müxalifətin lap günü sabah 100 minlik mitinq keçirmək potensialı da var. Amma sosiologiyanı nəzərə almadan siyasət aparmaq yanlışdır və məğlubiyyətə məhkumdur. İctimai rəyi, insanların əhval-ruhiyyəsini və siyasi proseslərin axarını nəzərə almadan kütləvi aksiya təyin etmək avantüradır. Bu gün bütün dünyanın diqqəti Ukraynaya fokuslanıb.Yəni vəziyyəti dəyişəcək beynəlxalq şərtlər əleyhimizədir. İndiki halda mən Müsavtın davranışından belə başa düşürəm ki, doğrudan da mitinq keçirmək yox, gündəmdə qalmaq istəyir.

-Ölkədəki repressiya da müxalifətin meydanlara səsləməsi üçün kifayət deyil?

-Təbii ki, bu hakimiyyətin bütün davranışları ağıldan və məntiqdən uzaqdır. Amma baş verənləri də klassik formada repressiya adlandırmaq doğru deyil. Əslində repressiyalar totalitar cəmiyyətlərə xasdır və mənim də həbsim daxil olmaqla Əliyevlər hakimiyyəti dövründəki bütün siyasi həbslərin hamısını bir yerdə götürdükdə gerçək totalitar cəmiyyətlərdə baş verənlərlə müqayisə oluna bilməz. Məsələn, Stalin dövründə yüz minlərlə insanı bir günün içərisində öldürür və ya gedərgəlməzə sürgün edirdilər, burda qalanlarının başına min oyun açırdılar. Amma bu gün Azərbaycandakı hüquq-mühafizə orqanları dövləti qorumaq deyil, şəxsi münasibətləri zəminində qisas almaq adı altında iş aparırlar. Əslində Azərbaycanda hüquq deyilən bir şey olmadığına və məhkəmə sistemi tamamilə iflas etdiyinə görə istənilən həbsə cəmiyyət şübhə ilə yanaşır. Çünki bu hakimiyyətin hüquq- mühafizə adlanan qurumları o qədər etimadlarını itiriblər ki, heç kim bunların hətta doğru addımlarına da bəraət vermir. Tutaq ki, Rauf Mirqədirovu vətənə xəyanətdə ittiham edirlər. Hətta bəzi iddialara görə onu türk MİT-i tutaraq Azərbaycana verib. Yəni onun əməllərindən Azərbaycan xüsusi xidmət orqanları xəbər tutmayıb, sadəcə Türkiyə tərəfi aşkarlayaraq  faktları, sübutları Azərbaycana veriblər. Yəni hətta bu məsələdə belə bütün cəmiyyət hakimiyyətin addımlarını qınayır və bu həbsi qəbul etmir. Niyə? Ona görə ki, artıq  insanlar sistemin çürüdüyünü görüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin