|
| İctimai Televiziya və Radio Yayımları Şirkəti
Yayım Şurasının sədri Cahangir Məmmədlinin müxalifətə efir vaxtının
verilməsi barədə danışması ictimaiyyətdə geniş rezonans doğurdu. Daha
bir müəmmalı hadisə isə Avropa Yayımları Birliyinin (EBU) öz saytında, fasiləsiz
olaraq, ermənilərin “Eurovision” mahnısını təbliğ etməsinin İTV tərəfindən
sükutla qarşılanması oldu.
Moderator.az bütün
bunlara aydınlıq gətirmək üçün İTV-nin rəsmi saytının rəhbəri Firudin
Məmmədovun Aktual.az-a müsahibəsini təqdim edir:
- Yəqin bilirsiz ki, bu il "Eurovizion-2014"
mahnı müsabiqəsində Ermənistanı qalib etmək istəyirlər. “Eurovision.tv” bu
istiqamətdə təbliğata başlayıb. Mart ayından etibarən, Avropa Yayımları
Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq,
ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə
informasiya yaymaqda davam edir. Amma, nədənsə, Siz saytınızda bu həssas
məqama yer vermədiniz...
- Ayrıca "Eurovision” saytı var, bu işlərlə onlar məşğuldur. Onlar bu
haqda danışa bilərlər. Amma o yerdə ki, ermənilər belə yalan yazırlarsa,
biz Azərbaycan mediası olaraq, bunun qarşısını almalıyıq. Sizə onu deyim
ki, bizim saytımız xəbər saytı yox, idarə saytıdır. Biz ancaq “Carçı”
informasiya proqramında gedən xəbərləri işıqlandırırıq.
- Bu məsələ ciddi rezonans
doğurduğundan, hətta Türkiyənin TRT kanalı da məsələyə öz münasibətini
bildirdi və ermənilərin niyyətini pislədi.
- Təbii, elə bir şey olmalı idi, amma yenə deyirəm, dünyada nələr baş
verir, kim nəsə yozursa, onun dalınca qaçmaq da lazım deyil. Nə olsun, indi
min dəfə ola bilsin, deyə bilərlər ki, məsələn, ermənilər elə eləyəcəklər,
belə eləyəcəklər...
- İTV-nin hesabatı oldu, amma sizin
saytda çıxmadı...
- Siz çox səhv düşünürsüz, həmin hesabat bizim saytda var. Hesabatın ertəsi
günü biz onu öz saytımızda yerləşdirmişik.
- İTV-nin rəsmi saytında cəmiyyətin müxtəlif təbəqələri barədə məlumatlar
öz əksini tapmır. Elə təəssürat yaranır ki, İTV xalqın TV-si olsa da bütün
cəmiyyətdən get-gedə uzaqlaşır.
- Niyə ki, biz seçkilər dövründə bütün namizədlər haqqında saytımızda
məlumat yerləşdirmişdik.
- Firudin müəllim, seçki ərəfəsində namizədlər üçün şəraitin yaradılması
İTV-nin götürdüyü öhdəlikdir.
- Sizə bir söz deyim ki, mən prosesləri izləyirəm. Yəni indi YAP-dan
kənarda bütün partiyalar ki, var, bu partiyaların hamısında bir-biri ilə
çəkişmə, didişmə hökm sürür. Ümumiyyətlə, mən ziyalı kimi hesab edirəm ki,
Azərbaycanda normal müxalifət yoxdur. Əlbəttə ki, onların yaxşı
materialları olsa, verərik, amma onlarda elə bir şey yoxdur axı.
- Bəs, ölkədə hakim partiyanın
təbliğatına yer ayırmanız barədə deyilənlər nə dərəcədə doğrudur?
- Bizim saytımızın hansısa partiya qarşısında öhdəliyi yoxdur axı, xalqın
qarşısında öhdəliyi var. Qardaşım, sən mənə göstər ki, bizim saytda bir
yerdə YAP-ın adı gedibdir. Bu, belə olmayıb. Biz ölkəmizdə dövlətimizin,
partiyamızın, hökumətimizin həyata keçirdiyi tədbirləri işıqlandırırıq.
- Deyirsiz ki, YAP barədə də material vermirik. Belə çıxır ki, siz
Azərbaycanda partiya sistemini inkar edirsiniz.
- Xeyr. Partiya sistemini inkar etmirik. Biz,
sadəcə olaraq, partiyalarla bağlı informasiya vermirik.
- Firudin müəllim, bəs, dövlətdən maliyyələşən İTV-nin YAP barədə məlumat
verməməsi nə dərəcədə doğrudur?
- Bu məsələləri belə müzakirə etmək olmaz. Nə vaxtsa üz-üzə gəlib
danışarıq... |
|