“Vaqif Səmədoğlu dedi ki, soruşma Valeh, 22 kilo arıqlamışam”

Hazırda oxunan: “Vaqif Səmədoğlu dedi ki, soruşma Valeh, 22 kilo arıqlamışam”

40420

Martın 21-də xalq artisti Valeh Kərimovun 70 yaşı tamam olur. Moderator.az görkəmli sənətkarımızdan yubiley müsahibəsi götürüb və onunla söhbətimizin birinci hissəsini dünən-yanvarın 23-də 13.05-dəki xəbər lentindən oxumaq olar. İndi isə söhbətin ikinci hissəsini təqdim edirik:

-Moşu xoşbəxtliyin qafiyəsini tapa bilmədi, bəs Valeh Kərimov həyatda və peşəsində belə bir sindrom yaşamadı ki?

-Düzü, xoşbəxtliyimi tapmışam və bu barədə heç bir şikayətim yoxdur. Həm sağlamam, həm doyunca səhnədə oynayıram, dövlət tərəfindən mənə fəxri adlar-əməkdar və xalq artistləri adı, eyni zamanda prezident təqaüdü verilib. Bundan başqa prezident tərəfindən mənə ev verilib. Ona görə də dolanışığımdan və taleyimdən şikayət etməyə haqqım olmaz.

-Nə qədər maaş alırsınız teatrdan?

-Teatrlarda maaş çox azdır. Sonuncu artımdan sonra maaşım 200 manat olub. Bunu kimə desəm inanmaz.Yəni prezidentin verdiyi təqaüdü çıxsaq həmin 200 manatla dolanmaq olmaz. Amma indi teatrdan prezident təqaüdünü təkcə mən alıram, bəs başqaları necə dolansın? Çox arzu edərdim ki, teatr aktyorlarının maaşları əhəmiyyəli məbləğdə artaydı. Axı bu adamlar ailə sahibləridir və onların əlindən başqa şeylər gəlmir. Yəni bu adamlar talelərini bu işə həsr etmiş adamlardı.

-Bayaq sovet dönəmində dövlətin imkanlarından danışdınız. Amma indiki Azərbaycan o vaxtkı sovet hökumətindən varlıdır. Sadəcə istək olsa təkədən də pendir tutarlar...

-Əlbəttə eləmək olar. Bütün uğurlu işlərin təməlində səmimi istək dayanır.

-Vaqif Səmədoğlunun səhhəti barədə məlumatlısınız və onunla axırıncı dəfə nə vaxt əlaqə yaratmısınız?

-Bir neçə gün qabaq telefonla danışdıq.

-İsraildən qayıdandan sonra?

-Bəli, halını soruşdum. Cavab verdi ki, soruşma, Valeh, görsən tanımarsan, 22 kilo arıqlamışam. Doğrusu çox pis oldum və soruşdum ki, axı xəsəliyin nədir belə? Özü qayıtdı ki, bilməmiş olmarsan, xərçəngəm. Düzü, qəhərdən boğulsam da büruzə verməməyə çalışdım. Vaqif müəllim əvəzsiz insandı. Həm yaxşı şairdi, həm dramaturqdur, eyni zamanda dəyərli ziyalıdır. Allah şəfa versin, əlimizdən nə gəlir ki?

-Cabir Novruzun “sağlığında insanlara qiymət verin” qənaətini bölüşürsünüzmü?

-Bəli, çox vaxt elə olur və insanlara sağlığında qiymət verilmir. Bəzən bunu qəsdən edirlər, bəzənsə sadəcə gecikirlər. Sağlığında layiq olduğu qiymətini almayan böyük sənətkarlarımız da olub, adi insanlar da.

-Xalq artisti adını 2000-ci ildə almısınız, bəs həmin vaxtadək neçənci ildən başlayaraq təqdimatınız verilmişdi və belə deyək ki, növbə gözləyirdiniz?

-Xalq artistliyinə təqdimatım elə o illərdə verilmişdi, amma əməkdar artistliyə təqdimatım çox olmuşdu. Neçə dəfə sənədlərim gedib geri qayıtmışdı. Axırda 90-cı ildə nəhayət əməkdar artist adı verildi.

-Elə həmkarınız və ya dostunuz olub ki, məhz sizin təşəbbüsünüz və belə deyək ki, təqdimatınızla fəxri ad alıblar?

-Əvvəla, aktyorun təqdimatı teatrdan gedir. Teatrda da bədii şura var, bu məsələ orda həll olunur. Sözsüz ki, elə akyorlar və aktrisalar var ki, mən onlara dəstək olmuşam. Ad çəkmək istəmirəm, çünki deyə bilərlər ki, adı sən verməmisən ki. Amma mən bədii şurada demişəm ki, filankəs o birisindən bu ada daha çox layiqdir.

-Yarım əsrlik stajınız var. Neçə direktor yola salmısınız?

-Mən yola salmamışam ki.

-Yaxşı, neçəsiylə işləmisiniz?

-Təxminən 10-11 direrktorla, bir o qədər də baş rejissorla işləmişəm. Bizim teatrda 97-ci ilə qədər tez-tez dəyişiklik olurdu. Sonradan vəziyyət sabitləşib, işlər qaydasına düşüb. Teatrda adamları niyə dəyişirlər? Təbii ki, iş getməyəndə belə zərurət yaranır. Etiraf edək ki, son vaxtlar şəhər rəhbərliyindən də teatra münasibət yaxşılığa doğru çox dəyişib. Sumqayıt teatrı uzun müddət binasız yaşayıb. Son 10 ildə bu əzəmətli bina bizə verilib. 40 il biz binasız yaşamışıq. Bura mədəniyyət sarayı idi. Sovet dövründə burada boş yer olmazdı, gündə bir tədbir keçirilərdi. Bu binanı teatrın 40 illik yubileyində bizə verdilər. Amma vaxtilə elə olub ki, məşqimizin şirin yerində gəlib deyiblər ki, tez yığışdırın buranı, partkomun iclası var. Biz də suyu süzülə-süzülə çıxırdıq. Axı bina bizim deyildi. Amma şükürlər ki, hər şey yoluna düşüb.

-Mədəniyyət və Turizm Nazirliyi yubileyinizlə bağlı hansı tədbiri palnlaşdırır?

-Doğrusu, o barədə mənim maraqlanmağım və kiməsə ağız açmağım doğru olmaz. Ancaq teatr rəhbərliyi də deyib ki, nazirlik hansısa tədbir planlaşdırır. Amma elə özümüz əlimizdəki tamaşanı fevralın ortalarında təhvil verməyi planlaşdırırq. Yubileyə qədər də yəqin bir tamaşa hazırlayacağıq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin