Azərbaycan Yazıçılar Birliyində tarix elmləri üzrə fəlsəfə doktoru, tanınmış milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyevanın müəllifi olduğu “Ölümün bir addımlığında” kitabının təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəhs olunur.
Əsər Vətənə sədaqətin, şəxsi cəsarətin və ağır məqamda nümayiş etdirilən fədakarlığın təcəssümü olan bir insanın qəhrəmanlıq nümunəsini geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.
Tədbiri giriş sözü ilə açan kitabın müəllifi Dilarə Nağıyeva əsərin ərsəyə gəlməsi, qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti və Vasif Tağıyevin göstərdiyi şücaətin yaddaşlarda yaşadılmasının vacibliyi barədə danışıb.
Təqdimat mərasimində çıxış edənlər bildiriblər ki, Vasif Tağıyevin davranışı yüksək vətəndaşlıq məsuliyyətinin və mənəvi iradənin nümunəsidir.
Qeyd edək ki, Vasif Natiq oğlu Tağıyev həmin vaxt Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı olub. O, terror aktı zamanı cinayətkarı zərərsizləşdirərək böyük şücaət göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral 2023-cü il tarixli sərəncamı ilə Vasif Tağıyev 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Bizim.Media


































































































