Nazir: “Heç kim gözləmirdi ki, neftin qiyməti 103 dollara çatacaq”

Hazırda oxunan: Nazir: “Heç kim gözləmirdi ki, neftin qiyməti 103 dollara çatacaq”

645971

"Heç kim gözləmirdi ki, neftin qiyməti 103 dollara çatacaq”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, neftin bir barelinin qiymətinin hazırda 103 dollar olmasını 6 ay və ya 1 il əvvəl heç bir beynəlxalq qurum və reytinq agentliyi tərəfindən proqnozlaşdırıla bilməzdi.

O qeyd edib ki, ötən il 2026-cı ilin büdcə göstəriciləri Milli Məclisə təqdim edilərkən neftin bir barelinin qiymətinin 65 dollar götürülməsi yüksək hesab olunurdu:

“Biz vahid bir qiymətləndirici agentliyin fikri ilə fəaliyyət göstərmirdik. Biz təqribən 80-ə yaxın müxtəlif beynəlxalq proqnozverici qurumların hovuzunu yaratmışıq. Onların orta çəkili rəqəmi onda 61-62 dollara gəlirdi. Amma heç kim də gözləmirdi ki, neftin qiyməti bu gün gəlib 103, bəzi dövrlərdə 120 dollara çatacaq”.

S.Babayev qızılın qiymətindəki dəyişikliklərə də toxunub. O bildirib ki, iki il əvvəl qızılın qiymətinin 5500 dollara yüksələcəyini, daha sonra isə 3800 dollara düşəcəyini proqnozlaşdırmaq mümkün deyildi.

Nazirin sözlərinə görə, qızılın qiyməti 5000 dolları keçdikdən sonra Dövlət Neft Fondu tərəfindən satışlara başlanılması nəticəsində əhəmiyyətli gəlir əldə edilib:

“Çox müdrik bir qərar qəbul edildi. Qızıl 5000 dolları keçəndən sonra Neft Fondu tərəfindən müəyyən satışlara başlanıldı və bunun nəticəsində kifayət qədər böyük qazanc əldə edildi”.
 

O əlavə edib ki, qızılın qiymətinin gələcəkdə hansı istiqamətdə dəyişəcəyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Geosiyasi münaqişələr qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.


S.Babayev vurğulayıb ki, büdcə proqnozları hazırlanarkən həm daxili, həm də xarici amillər nəzərə alınır. Bu zaman büdcə və icmal büdcə xərcləri, dövlət qurumlarının xərcləmələri, eləcə də statistik məlumatlar əsasında özəl sektorun fəaliyyəti təhlil edilir.

Nazir 2027-ci il üçün iqtisadi artım proqnozlarına da münasibət bildirib. Onun sözlərinə görə, gələn il ümumi iqtisadi artımın 2,7 faiz, qeyri-neft sektorunda artımın isə 4,4 faiz olacağı gözlənilir.

“Biz düşünürük ki, bu, kifayət qədər reallaşa biləcək proqnozdur. O şərtlə ki, çox ciddi qlobal dəyişikliklər meydana çıxmasın”, – deyə nazir qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin