Sosial şəbəkələrdə tələbə qızların şəxsi fotolarının icazəsiz yayıldığı və paylaşımların silinməsi müqabilində onlardan pul tələb edildiyi iddia olunur.
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, bəzi şəxslər tələbələrin sosial şəbəkə profillərindən götürdükləri fotoların üzərinə təhqiramiz və qeyri-etik ifadələr əlavə edərək müxtəlif platformalarda paylaşırlar.
Daha sonra isə görüntülərin silinməsi üçün foto sahiblərindən pul tələb edirlər. Oxşar paylaşımlara hazırda həm "TikTok", həm də "Instagram" platformalarında rast gəlinir.
Müxtəlif hesablar vasitəsilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali təhsil müəssisələrinin tələbələri olduğu iddia edilən qızların fotoları yayılır.
Qeyd edək ki, qanunvericiliyə əsasən, şəxsin razılığı olmadan foto və videolarının yayılması, eləcə də şəxsi həyatının toxunulmazlığının pozulması hüquqi məsuliyyət yaradır.
Şəxsi görüntüləri yaymaqla hədələyərək pul tələb edilməsi isə cinayət məsuliyyətinə səbəb ola bilər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya bilidirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Bizim.Media
































































































