“Sabah” mübarizə apardı. Gücü çatan qədər vuruşdu. Komanda fiziki cəhətdən hazırlıqlı görünürdü. Amma psixoloji cəhətdən bəzi çatışmazlıqlar var idi.
Bizim.Media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Natiq Muxtarlı “qırmızı şeytanlar”ın 4-0 hesablı qələbəsi ilə başa çatan "Mançester Yunayted" - "Sabah" matçı barədə danışarkən deyib.
Onun sözlərinə görə, futbolçular Azərbaycan çempionatı ilə Çempionlar Liqası oyununun fərqini hiss edə bilmirdilər:
“Bu da ondan qaynaqlanır ki, Azərbaycan çempionatında rəqabət yoxdur. Azərbaycan çempionatında rəqabət olmadığı üçün “Sabah”ın oyunçuları meydanda gəzə-gəzə qalib gəlirlər. Yəni, “Sabah”ın hər hansı bir oyunçusu topu qəbul edirsə, o, topu 20 saniyə özündə saxlayır. Azərbaycan çempionatında ona müqavimət göstərən yoxdur.
Amma Çempionlar Liqasında biz fərqli bir şey gördük. Futbolçu topu qəbul edir, beynində şüuraltı qalıb ki, hələ Azərbaycan çempionatındadır və ötürmə verməyə gecikir. Gecikəndə topu dərhal ondan alırdılar. Burada gecikmək olmaz. Burada saniyənin onda biri böyük zaman kəsiyidir. Sürət o qədər böyükdür ki, sənin orada düşünmək üçün ancaq ani vaxtın olur.
Bu, təkcə “Sabah”ın problemi deyil. Bu problemi “Qarabağ” da yaşayıb. Qurban Qurbanov həmişə bu problemi deyirdi. Həmin vaxtlar etinasız yanaşırdıq. Azərbaycan çempionatından çıxıb Çempionlar Liqasında oynamaq, adaptasiya olmaq olduqca çətindir.
“Sabah”ın problemləri bir oyunla həll olunmayacaq. “Sabah” yenə də oradan - xalça kimi stadiondan çıxacaq, “Şamaxı”nın və yaxud “Zirə”nin süni örtüklü, keyfiyyətsiz meydançasına gedəcək. O stadiondan bu mühitə düşmək futbolçunu psixoloji cəhətdən bir az da sındıracaq. Azərbaycan çempionatında rəqabətin, infrastrukturun olmaması, sürətin olmaması bizə böyük maneədir. O komandanı hazırlamaq üçün baş məşqçi Valdas Dambrauskasın müəyyən vaxta ehtiyacı var”, - o bildirib.
Ekspert “Qarabağ”ın 12 il məhz qrup mərhələsində oynamağına diqqət çəkib:
“Onlar üç il ard-arda pley-offa qədər irəliləyib. Yəni, damla-damla təcrübə yığıblar. Ona görə də “Qarabağ”ın oyunçuları avrokuboklara adaptasiya olmaqda o qədər də çətinlik çəkmirdilər.
“Sabah” o təcrübəni qazanmaq üçün, heç olmasa, üç il ard-arda avrokubokların qrupunda oynamalıdır. Ümumilikdə “Sabah” ayrı-ayrı epizodlarda rəqibdən geri qalmırdı. Hücum edirdi, söz yox. Ələ düşən imkanlardan istifadə edə bilmədilər. Bu da Azərbaycan komandalarının avrokuboklarda ənənəvi problemidir.
Azərbaycan çempionatında qol vurmaq asandır, amma avrokuboklarda çətindir. Burada sən bir oyun ərzində 10 qol imkanı əldə edirsən, orada ikisini əldə edəcəksən. O ikisindən maksimum yararlanmalısan”.
Natiq Cəfərli vurğulayıb ki, bu, “Sabah”ın avrokuboklarda, Çempionlar Liqasında ilk oyunu idi:
“Buna görə də biz “Sabah”ı qınamayacağıq, əksinə, dəstək verəcəyik. Çünki bu problemləri “Qarabağ”ın oyunlarında da görmüşük.
Azərbaycan çempionatı ilə İngiltərə çempionatının, Çempionlar Liqasının səviyyəsini müqayisə etdikdə, “Sabah”ın pis oynamadığını deməliyik. Mənə görə, “Sabah” yaxşı oynadı. Azərbaycan klubunun Çempionlar Liqasında olması Azərbaycan futbolu üçün prestijdir. Bu imkandan yararlanıb uşaq futbolunu inkişaf etdirməliyik, infrastrukturumuzu qurmalıyıq”.
Bizim.Media



































































































