Ən çox hansı həkimlərdən narazılıq edirlər? - Xəstəxanalarda etimad problemi

Hazırda oxunan: Ən çox hansı həkimlərdən narazılıq edirlər? - Xəstəxanalarda etimad problemi

645147

Xəstəxanalardan narazılıq heç də həmişə tibbi xidmətin keyfiyyəti ilə bağlı olmur. Bəzən pasiyentlərin əsas narazılığı həkimlərin kifayət qədər məlumat verməməsi, sualları cavabsız qoyması, xəstənin narahatlığına biganə yanaşması ilə əlaqədar olur.

Xüsusən həssas, narahat xəstələr olur ki, onlara fərdi yanaşmaq lazım gəlir. Xəstəlikləri, müalicə prosesi, yazılan dərmanlar barədə aydın, ətraflı məlumat almaq, onlara anlayışla yanaşılmasını istəyirlər. Lakin bəzi həkimlərin kobud desək, dillərindən söz kəlbətinlə çıxır.

Bəs həkim-pasiyent münasibətlərində ünsiyyət və empatiya nə dərəcədə vacibdir?

Mövzu ilə əlaqədar Bizim.Media-ya danışan həkim-terapevt Həmzə Vəliyev bildirdi ki, hər həkim ilk növbədə psixoloq olmağı bacarmalıdır:

“Pasiyent məmnuniyyəti yalnız düzgün diaqnozun qoyulması və resept yazılması ilə ölçülmür. Həkim xəstəni tanımalıdır, bilməlidir ki, hansı xəstəyə nəyi demək olar, hansına yox. Çünki bütün xəstələr eyni deyil, ümumiyyətlə xəstəxanaya müraciət edən insan istər-istəməz narahat olur, səhhəti ilə bağlı qorxu keçirir. Amma bunu hər pasiyent büruzə vermir.
 

Vacib deyil ki, həkim növbədə olan digər xəstələri nəzərə almadan uzun-uzadı bir xəstə ilə söhbət etsin. Sadəcə xəstə ilə, xüsusən psixoloji gərginliyi olanlarla inandırıcı, güvənverici söhbət aparılmalıdır. Əgər xəstə öz həkiminə inanmasa, onu dünyanın ən bahalı dərmanları belə sağalda bilməz”.


H.Vəliyev əlavə etdi ki, təbii ki, həkimlərin iş yükü və pasiyent sayının çoxluğu həkim-xəstə ünsiyyətinə təsir edə bilər. Lakin bu, xəstəyə başdansovdu yanaşmaqla, onu tələsik məlumatlandırmaqla nəticələnməməlidir.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin