Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında qadınlar arasında 800 metr məsafəyə qaçış yarışının nəticələrini rəsmən yenidən tənzimləyib.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bu qərar idmançı Ekaterina Quliyevanın dopinq səbəbindən diskvalifikasiya edilməsindən sonra qəbul olunub.
Yeni bölgüyə əsasən, daha əvvəl Ekaterina Quliyevaya verilmiş gümüş medal keniyalı atlet Pamela Celimoya (Pamela Jelimo), bürünc medal isə amerikalı qaçışçı Alisiya Montanoya (Alysia Montaño) təqdim olunacaq.
Qeyd edək ki, London Olimpiadasında qızıl medal qazanmış rusiyalı Mariya Savinovanın dopinqə görə diskvalifikasiya edilməsindən sonra, yarışı üçüncü sırada bitirmiş Ekaterina Quliyeva (o zamankı soyadı ilə Zavyalova) gümüş medala sahib olmuşdu.
Lakin Moskva antidopinq laboratoriyasının (LIMS) 2012–2015-ci illərə aid məlumat bazasının araşdırılması nəticəsində onun da dopinqdən istifadə etdiyi rəsmən təsdiqlənib. 2024-cü ildə Ümumrusiya Yüngül Atletika Federasiyası idmançının 2012-ci il iyulun 17-dən 2014-cü il oktyabrın 20-nə qədər olan bütün nəticələrini, o cümlədən Olimpiya medalını ləğv edib.
İdmançının İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi apelyasiya şikayəti isə 2025-ci ilin mayında rədd edilib və qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, Ekaterina 2019-cu ildə Azərbaycan əsilli məşhur Türkiyə yüngül atletika idmançısı, dünya çempionu Ramil Quliyevlə ailə quraraq onun soyadını qəbul edib və 2021-ci ildən etibarən Türkiyə yığmasının adından yarışlarda çıxış edir.
Bizim.Media




































































































