İraqın futbol üzrə milli komandasının kapitanı Aymen Hüseyn ABŞ-a gəldikdən sonra Çikaqo hava limanında saxlanılıb və təxminən yeddi saat ərzində dindirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi İraqın idman qurumunun rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yoxlama məqsədilə futbolçunun telefonu əlindən alınıb. Uzun sürən sorğu-sualdan sonra onun ölkəyə daxil olmasına icazə verilib.
Həmçinin qeyd olunub ki, milli komandanın fotoqrafı Talal Salah da 10 saatdan çox saxlanılaraq bənzər yoxlamadan keçib. Lakin futbolçudan fərqli olaraq, onun ABŞ-a girişinə icazə verilməyib və imtina alıb.
Xatırladaq ki, 30 yaşlı Aymen Hüseyn İraq millisinə dünya çempionatına vəsiqə qazandıran həlledici qolun müəllifidir. Bununla da İraq yığması 40 il əvvəl baş tutan debütündən sonra ilk dəfə dünya birinciliyinə qayıdır.
Bizim.Media




































































































